Uşaqları 1 yaşından bağçaya vermək olacaq

Milli Məclisdə “Təhsil haqqında” qanun layihəsində dəyişiklik olub
“İnsan ömür boyu öyrəndiyinin böyük bir hissəsini altı yaşına qədər mənimsəyir”



Milli Məclisdə "Təhsil haqqında” qanuna dəyişiklik edilib. Müzakirəyə çıxarılan qanun layihəsi haqqında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. Qanuna təklif edilən dəyişiklikdə Azərbaycanda uşaqların məktəbəqədər təhsil müəssisələrinə üç yaşından verilməsi ilə bağlı müddəanın dəyişdirilməsi, bunun əvəzinə uşaqların bir yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, "Təhsil haqqında” qanunun mövcud variantına əsasən, məktəbəqədər təhsil üç yaşından başlayır: "Amma uşağı üç yaşından məktəbəqədər müəssisəyə cəlb etmək bir qədər gecdir. Əhalinin real tələbatını ödəməyə başlamaq məqsədilə "Məktəbəqədər qədər təhsil haqqında” qanunda məktəbəqədər təhsilin bir yaşından başlanılmasına qərara alınıb”. Dünyada hətta 2-3 aylıqdan uşaqların bağçalara verilməsi kimi faktların olduğunu misal gətirən millət vəkili deyib ki, Azərbaycanda reallığına görə uşaq bir il ana tərbiyəsi almalıdır: "Biz "Təhsil haqqında” qanunda uşaqların bir yaşından bağçaya verilməsi ilə bağlı dəyişikliklərin edilməsini təklif edirik”.

"Təhsil haqqında” qanuna edilən dəyişikliyi dəyərləndirən təhsil eksperti Kamran Əsədov bildirib ki, elmi-pedaqoji araşdırmalara əsasən insan ömür boyu öyrəndiyinin böyük bir hissəsini altı yaşına qədər mənimsəyir: 

"Məhz bu dövrdə uşağın idraki və fiziki inkişafının təməli qoyulur. Bu təməlin nə qədər möhkəm və düşünülmüş olması şəxsiyyətin gələcək inkişafını təmin edir və onun həyat fəlsəfəsini, cəmiyyətə baxışlarını müəyyənləşdirir. Hazırda Azərbaycanda 121090 uşağı əhatə edən 1787 məktəbəqədər təhsil müəssisəsi, o cümlədən 537 uşaq bağçası, 1110 körpələr evi-uşaq bağçası, 25 körpələr evi, 5 məktəb-bağça, sağlamlıq imkanları məhdud uşaqlar üçün 4 xüsusi uşaq bağçası, eyni zamanda 12 müəssisədə 19 xüsusi təhsil qrupları, 4 sanator tipli məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkədə təhsilin bütün sahələrinə, o cümlədən məktəbəqədər təhsilə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir, xüsusi dövlət proqramları həyata keçirilir. Məktəbəqədər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması, təhsilin müasir tələblər səviyyəsində qurulmasının təmin olunması istiqamətində kompleks tədbirlər yerinə yetirilir”.

Məktəbəqədər təhsilin Avropada yüksək ictimai əhəmiyyət kəsb etməklə sosial xidmətlər qrupuna məxsus olduğunu vurğulayan K.Əsədov bu məsələnin Avropa İttifaqının siyasətinin prioritetlərindən biri olduğunu deyib: "Avropa İttifaqının üzvləri olan dövlətlər 3 yaşadək olan bütün Avropa uşaqlarının üçdə birinin və bütün 3-6 yaşlı uşaqların 90 faizinin keyfiyyətli məktəbəqədər təhsillə əhatə olunmasını hələ 2010-cu ilədək vəzifə olaraq qarşıya qoymuş, 2020-ci ilədək isə uşaqların məktəbəhazırlıq təhsilinə cəlbolunma göstəricisinin yüksəldilməsini təklif etmişdilər.

Çində məktəbəqədər təhsil pilləsi bütün cəmiyyətin resurslarının səfərbərliyi sayəsində inkişaf etdirilir. Məktəbəqədər təhsil müəssisələrində tətbiq olunan təhsil proqramları sistemli, məqsədli və çoxtərəflidir. Çində 3 yaşdan 6 yaşadək uşaqlar məktəbəqədər təhsilə cəlb olunur. Çin məktəbəqədər təhsilə olduqca ciddi diqqət yetirən azsaylı ölkələrdən biridir. Yaponiyada məktəbəqədər təhsil pilləsi məcburi deyil. Yalnız valideynlərin arzusu ilə adətən uşaqlar dörd yaşından uşaq bağçasına gedir. Bəzən valideynlər çox məşğul olduqları halda onların uşaqları 3 yaşından uşaq bağçasına götürülə bilər. Yaponiyada 1 yaşlı uşaqlar üçün körpələr evi vardır, lakin uşaqları belə erkən ailədən vermək məsləhət görülmür. Həmin müəssisələrə uşaqların yerləşdirilməsi valideynin körpəsini 3 yaşadək tərbiyə etmək imkanı olmamasını ciddi səbəblərlə əsaslandırılmış xüsusi müraciəti olduğu halda mümkündür. Rusiyanın 2013-cü ildə təsdiq edilmiş "Məktəbəqədər təhsilin federal dövlət təhsil Standartı”na əsasən, bu təhsilin başlıca məqsədi uşağın şəxsiyyətinin, təşəbbüskarlıq və yaradıcılıq qabiliyyətlərinin, sosial bacarıqlarının inkişaf etdirilməsidir”.

Ekspert deyib ki, bütün bunlara böyüklərlə və yaşıdları ilə əməkdaşlıq şəraitində yaşa uyğun fəaliyyət növləri vasitəsilə nail olmaq nəzərdə tutulur. Uşaqların fərdi inkişafı və sosiallaşması üçün inkişafetdirici təhsil mühitinin yaradılması əsas istiqamət kimi qeyd edilir: 

"Məktəbəqədər təhsil dövlət, özəl və bələdiyyə müəssisələrində həyata keçirilir. Beləliklə, dünyanın müxtəlif qabaqcıl təhsil təcrübələrində müəyyən məqamlarda fərqli baxışlar müşahidə edilsə də, konseptual yanaşma çox bənzərdir. Fərqli mədəniyyət, pedaqoji elm və təcrübənin inkişaf istiqamətlərinin özünəməxsusluğuna baxmayaraq, müxtəlif ölkələrdə pedaqoqlar oxşar problemləri həll edirlər: məktəbəqədər təhsilin məzmununun, metod və vasitələrinin müəyyənləşdirilməsi, uşaqların harmonik, psixofiziki və sosial inkişafı; müxtəlif yaş dövründə olan uşaqların qarşılıqlı əlaqə təcrübəsinin zənginləşdirilməsi üçün şəraitin yaradılması, onların mədəni-etnik müxtəlifliyi barədə təsəvvürlərinin genişləndirilməsi; Tədqiqatlar göstərir ki, məktəbəqədər təhsil müəssisələrində tərbiyə almış uşaqlar istər idraki, emosional, istərsə də fiziki baxımdan ümumi təhsil müəssisələrində təhsilə daha hazırlıqlı olurlar. Burada uşaqlara kiçik problemlərin həllinə nail olmaq üçün müstəqil şəkildə çalışmaq, idraki və emosional, habelə fiziki fəaliyyətdə olmaq öyrədilir. Məktəbəqədər təhsil müəssisələrinə sosial bacarıqlar və davranış problemləri ilə gələn uşaqlarda bir müddət sonra bunların aradan qaldırıldığı müşahidə edilir”.
Ekspert hesab edir ki, uşaqların 1 yaşdan bağçalara cəlb olunması müsbət addım olacaq: "Amma ilk növbədə həll edilməli olan bir neçə ciddi problem var. Belə ki, hər il 120 mindən çox uşaq dünyaya gəlir. Bu o deməkdir ki, eyni yaşlı kifayət qədər uşaq var və onların hamısını məktəbəqədər təhsil müəssisəsi ilə təmin etmək mümkün deyil. Bundan başqa məktəbəqədər təhsil müəssisələrində çalışanların heç də hamısının bilik və bacarıqları, təhsilləri bu sahə üçün yararlı deyil. Azyaşlıları təlimə cəlb etməmişdən əvvəl bu məsələlər öz həllini tapmalıdır. Bir çox regionlarda çox az faiz uşaqlar məktəbəqədər təhsilə cəlb olunub.
Bu bölgələrdə yeni uşaq bağçaları açılıb istifadəyə verilməlidir. Fikrimcə, uşaqların 1 yaşdan məktəbəqədər təhsilə cəlb etdirilməsi əsasən 3 səbəbdən vacibdir. Birinci, aparılmış tədqiqatlara görə, uşaqların erkən yaşdan təhsilinə qoyulan sərmayə iqtisadi və sosial baxımdan daha yüksək faydalılıq əmsalına malikdir. Başqa sözlə, tədqiqatlar göstərir ki, bu yaş dövründə uşağın inkişafına xərclənən vəsait sonradan dəfələrlə artıq gəlir gətirir. İkinci, məktəbəqədər təhsil valideynlərə daha artıq dərəcədə dəstək olmaqla qadınların məşğulluq göstəricilərinə xüsusilə müsbət təsir edir. Üçüncüsü isə, məktəbəqədər təhsil vasitəsilə uşaqlar arasında bərabərlik imkanlarının yaradılması sonradan cəmiyyətin müxtəlif sosial təbəqələri arasında fərqlərin azalmasına gətirib çıxarır”.
Şəymən