"Səhiyyə sahəsində maddiyyat o qədər önə keçib ki, həkimlik andı, vicdan duyğusu yaddan çıxıb”.
Bunu "Sherg.az”a Bakıda yerləşən "Yeni Med” adlı özəl klinikanın qarşısında halı pisləşən şəxsə klinika işçilərinin yardım əli uzatmamaasından danışarkən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, həkim Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, mənəvi dəyərlərin aşağılanması, arxa plana keçməsi bütün sahələrdə hiss olunur:
"Həkimi kənara qoyuram, adi vətəndaşlar belə vəziyyətdə həmin şəxsə yardım etməli idilər. Amma bəzi hallarda heç kim yaxınlaşıb, narahatlıq keçirən şəxsə yardım etmir. Cəmiyyətimizdə mənəvi deqradasiya var. Bütün bu cür hadisələr də məhz yaranmış situasiyanın nəticəsidir.

Əslində, bu hadisədə cinayət tərkibi var. Küçədə ürəyi tutan şəxsə yaxınlıqda olan həkim qəsdən yardım etməyibsə, bu, cinayətdir, bir nəfərin ölümə tərk edilməsinə bərabərdir. Tutaq ki, həmin şəxs heç Azərbaycan vətəndaşı deyil, əcnəbidir. Yıxılıb, ölməlidirmi? Dünyanın heç bir ölkəsində təcili hallarda həkimlər vəzifə borcunu yerinə yetirməkdən boyun qaçırmırlar”.
Qeyd edək ki, sosial şəbəkələrdə metronun "20 Yanvar” stansiyasının yaxınlığındakı "Yeni Med” klinikasının önündə yaşlı kişinin ağır vəziyyətdə olması və ona yardım göstərilməməsinin görüntüsü yayılıb. Hadisə şahidinin sözlərinə görə, vətəndaşlar dəfələrlə klinikadakı həkimlərə kömək etmələri üçün müraciət etsələr də, ilkin tibbi yardım edən olmayıb. Ürəyi dayanan kişiyə ilkin tibbi yardımı vətəndaşlar göstərib, ancaq vətəndaşın həyatını xilas etmək mümkün olmayıb.
Aysel Aslan