Müxalifətdi də...






Bu ilin yanvarın 19-da radikal müxalifət partiyaların və onların ətrafında olan təşkilatlarin mitinqi baş tutdu. Və heç şübhəsiz ki, bu aksiya onların bir daha zəifliyini, cəmiyyət tərəfindən dəstəklənmədiyini nümayiş etdirdi.

Müxalifət başçılarının və funksionerlərinin çıxışları göstərdi ki, onlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər yenidən təkrarlandı. Müxalifətin birləşmiş qüvvələrinin "Məhsul mitinqi” internet resurslarında az qala şəksiz qələbə kimi təqdim olunur. Halbuki mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı.

Heç kimə sirr deyil ki, mitinq yalnız yerli çağırışlarla başa gəlməmişdi. Xaricdəki anti-Azərbaycan dairələr tərərfindən idarə olunan ünsürlər mitinqə çağırış edirdilər. Və beləliklə, son mitinq Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan qüvvələri ilə birlikdə təşkil etdiyi ortaq tədbir idi.

AXC-nin şinelindən çıxmış və bu gün də müxalifət postunu zəbt etmiş şəxlərin çıxışları, irəli sürdükləri iddialar bir daha təsdiq etdi ki, onlar hələ də revanşizm ab-havasındadırlar, dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyiblər.

Yanvarın 19-da baş tutan uğursuz mitinqdən sonra, yanvarın 20-də Şəhidlər Xiyabanında radikal müxalifət və onun başçılarının simasızlığı, başıpozuqluğu bir daha aydın şəkildə özünü büruzə verdi. Bu insanlar normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində deyillər. Çünki hələ də 1990-cı illərin qaraguruhçuluq ab-havası ilə yaşayırlar.
Bütün bunlar onu deməyə əsas verir ki, yanvarın 19-20-si baş verənlər müvafiq dövlət orqanları tərəfindən araşdırılmayınca və ona qiymət verillməyincə dağıdıcı qrupların kütləvi aksiya təşkil etməsi imkanları məhdudlaşdırılmalıdır.

Ehtimal etmək olar ki, Əli Kərimli və onun başıpozuq, marginallaşmış dəstəsi bunu hakimiyyətin qorxması kimi qələmə versin. Sual oluna bilər, hakimiyyət uzun müddət təbliğat aparıb, bütün güclərini səfərbər edib meydana cəmi 3 minə yaxın adam yığa bilən siyasətbazlardan niyə qorxmalı və çəkinməlidir?! Kim iddia edə bilər ki, bu kimi qabiliyyətsiz, gücsüz, aciz adamlar və onların ətrafındakılar hakimiyyətə alternativ ola və güc nümayiş etdirə bilərlər

Vəziyyəti dəyərləndirən millət vəkili Aqil Abbas "Sherg.az"a söyləyib ki, Azərbaycanın güclü iqtidarı var və xalqla iqtidar bir yerdədir:

"Əlbəttə, müxalifət də olmalıdır, müxalifət olmasa, ölkə inkişaf edə bilməz. Müxalifət öz tənqidi sözlərini deməlidir. Amma müxalifətin gücünün nə qədər olduğunu da bilirik. Azərbaycan iqtidarı müxalifətdən niyə qorxmaldır ki ? Mətbuatımız müstəqildir, ölkədə söz, fikir, ifadə azalığı və plüralizm tam təmin olunub. Belə olan halda "iqtidar müxalifətdən çəkinir" deyənlər yanılır. Mitinq etməyə icazə verilmişdi, onlar da çıxıb, aksiyalarını etdilər, sözlərini dedilər, fikirlərini bildirdilər. Təbii ki, bəzi hallarda radikal çıxışlar da etdilər. Müxalifətdi də..."

Müxalifətin yanvarın 26-a təyin etdiyi aksiyaya icazənin verilməməsinə gəlincə, deputat bunları deyib:

"Müxalifət mitinq etmək istədi, buna icazə verildi. onlar da aksiyalarını keçirdilər. Həftədə bir dəfə mitinq olmur ki. İndi icazə verilmirsə, 20-30 adamın küçədə səs-küy salmasına nə ehtiyac var ? Bunlar şəkil çəkdirib, sosial şəbəkədə yaymaq üçün olan işlərdir".

Parlamentari onu da qeyd edib ki, son zamanlar kimsə Azərbaycanı qarışdırmaq istəyir:

"Rusiyadan başlayaraq nəysə bir çömçə fırlatmağa çalışırlar. Təbii ki, istəklərinə nail ola bilməyəcəklər. Amma hər halda çömçəni fırladırlar. Azərbaycanı Avropa ilə üz-üzə qoymağa cəhd edirlər. Bir ermən siyasi məhbus 50 gün ac qalıb və ölüb, Avropa təsisatları susur. Amma Azərbaycanda bir nəfər bir gün aclıq elan etdi, Avropa tez "canfəşçanlığa" başladı. Bir daha söyləyirəm ki, kimsə çömçə rolunu oynayır, onu tapıb ciddi danışmaq lazımdır".

Ayyət Əhməd