Birinci xanım: Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycana və dünyaya örnəkdir

Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ölkəmizi layiqincə təmsil edən, xeyriyyəçilik və humanist fəaliyyəti ilə seçilən, mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində beynəlxalq miqyasda böyük işlər görən ictimai-siyasi xadim kimi tanınır.

Məhz Mehriban xanımın ali məramlı fəaliyyəti bəhs etdiyimiz ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verir. Mehriban xanım Əliyevanın Azərbaycan xalqı və dövlətin maraqlarını əks etdirən fəaliyyətindən bəhs edərkən, ilk növbədə onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə diqqət yetirmək lazımdır. Məlum olduğu kimi, 2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Fond Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Həmçinin, Azərbaycan ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil edir. Dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük dəstək verir. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə etməkdədir. Fondun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, bu qurum Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində də məqsədyönlü və ardıcıl iş aparır. Heç təsadüfi deyil ki, Fondun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı internet portalı, müxtəlif dillərdə hazırladığı “Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə problemin kökləri, səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb. Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edərkən onun Azərbaycan mədəniyyətinin inkişafı üçün göstərdiyi xidmətləri də xüsusi olaraq vurğulamaq lazımdır. Çünki Azərbaycanın birinci vitse-prezidenti ölkəmizin müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində geniş fəaliyyət göstərir. Fond mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətinin təbliğinə yönələn tədbirlər həyata keçirir. Bundan başqa Azərbaycanın birinci xanımı çoxşaxəli və səmərəli fəaliyyəti ilə mədəniyyətlərarası dialoqun təşviqinə də fundamental töhfələr verir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də, mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Bu məqamda qeyd edək ki, məhz Prezident İlham Əliyevin və UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də, Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Fondun Azərbaycanın mədəniyyətlərin və dinlərin qovuşduğu məkana çevrilməsindəki rolu da müstəsnadır. Qurum daim ölkəmizdə və ondan kənarda dini abidələrin qorunması və bərpasına yardım göstərir. Azərbaycan reallıqlarının beynəlxalq miqyasda təbliğ edilməsi, müsbət imicinin möhkəmləndirilməsi istiqamətində görülən işlər kontekstində Mehriban xanım Əliyevanın təşkilatçılıq fəaliyyətinə xüsusi toxunmaq lazımdır. Bəlli olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində nüfuzlu “Eurovision-2012” mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə keçirilib. Bu da ölkəmizin, bütövlükdə, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması işinə xüsusi töhfələr verib. Eyni zamanda, Bakıda birinci Avropa Oyunları ilə əlaqədar həyata keçirilən infrastruktur layihələri, yeni idman arenalarının inşası, mövcud obyektlərdə əsaslı yenidənqurma işlərinin aparılması, atletlər kəndinin hazırlanması Mehriban xanım Əliyevanın fəaliyyətinin miqyası barədə konkret təsəvvür yaradır. Birinci xanımın ali dəyərlərə söykənən fəaliyyətindən söz açarkən onun bilavasitə təşəbbüsü ilə uşaq və yeniyetmələrin təhsili və təlimi sahəsində mühüm layihələrin həyata keçirilməsinə də xüsusi nəzər salmaq lazımdır. Azərbaycanın birinci vitse-prezidenti daim uşaqları diqqətdə saxlayır. Xüsusən, valideyn qayğısından məhrum olan, xəstə uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə müasir, müstəqil Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərmiş olur. Son illərdə görülmüş xeyriyyə işləri, qazanılmış uğurlar, ilk növbədə, məhz Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xeyirxahlıq, humanizm, vətənsevərlik hisslərinə, milli düşüncəyə söykənən fəaliyyətinin, nüfuzunun, təşkilatçılıq və idarəetmə bacarığının bəhrəsidir. Əminliklə demək olar ki, xeyriyyəçilik və insanlara kömək etmək, onların problemlərinin həlli ilə məşğul olmaq Mehriban xanım Əliyevanın əsas amalıdır. 

Tanınmış jurnalist və siyasi şərhçi Azər Həsrət “Şərq”ə açıqlamasında vurğulayıb ki, Mehriban xanım Əliyeva siyasi və dövlət xadimi olmaqla yanaşı, həm də örnək Azərbaycan qadınıdır:

“Mehriban xanım ictimaiyyət içində olarkən, xarici səfərlərə gedərkən, eyni zamanda ölkəmizə gələn qonaqları qəbul edərkən bir vətəndaş kimi çox sevinirəm. Qürur duyuram ki, Azərbaycanın yüksək təmsilçilərindən biri də məhz Mehriban xanımdır. O, sosial problemlərlə bağlı çox ciddi addımlar atır və həddindən artıq həssas davranır. Faktiki olaraq hər bir vətəndaşın məsələsini öz problemi kimi qəbul edir və həlli üçün çalışır. Mehriban xanımın ətrafına topladığı komanda da çox mükəmməldir. Bunun özü göstərir ki, Mehriban xanım təmiz, dürüst və millət üçün çalışan insanlarla birgə fəaliyyət göstərir. Mehriban xanımın Vitse-prezident postunda təmsil olunmasını təqdir edirik. O, bütün mənalarda həm Azərbaycan, həm də dünya üçün örnək qadın lider obrazıdır”.