UNEC ilkə imza atdı: “Tələbələrə ictimai nəqliyyatda güzəştlər olunacaq” - Dəstəkləndi !



Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universiteti öz tələbələrini yeni smart kartla təmin edəcək. Bu smart kartlar tələbələrin təqaüd, ictimai nəqliyyat kartı və tələbə biletini əvəz edəcək. Artıq universitetin aidiyyəti şöbəsi tələbələri ali məktəbə dvət edərək onlardan bu prosesin həyata keçirilməsi üçün lazımi sənədləri toplayır. Məlumata görə, həmin smart kartlardan istifadə edən tələbələrə ictimai nəqliyyatda güzəştlər olunacaq. 

Maraqlıdır, belə bir təşəbbüs ölkənin digər universitetlərində də tətbiq oluna bilərmi?



Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov “Sherg.az”a söyləyib ki, hazırda ölkənin 51 ali təhsil müəssisəsində 164 min tələbə təhsil alır:

“Həmin tələbələri vahid halda götürsək, onların üzərindən bir çox sahələrin kartları olur. Ona görə də hər bir fərdin vahid kartının olması zəruridir. Məsələn, Türkiyədə tələbələr bu imkandan yararlanır.

Çünki vahid kart sistemi tələbələrin işini çox yüngülləşdirir. Fikrimcə, Azərbaycanın bütün ali məktəblərində bu təşəbbüs tətbiq edilə bilər. Və bütün universitetlərimiz bu sistemə qoşulmalıdır.

Eyni zamanda məlum kartlardan tələbələr kitab mağazalarında, alış-veriş mərkəzlərində istifadə etsə, endirim və bonuslardan yararlansa, çox yaxşı olar.

Çünki dünyanın inkişaf edən əksər ölkəsində tələbələrə bu imkanlar yaradılır. Eyni zamanda vahid kartla tələbələrin daha çox nə aldığını, haralarda olduğunu da görmək olur.

Ona görə də düşünürəm ki, Azərbaycan Dövlət İqtisad Universitetinin bu təşəbbüsü çox müsbətdir. Ümumiyyətlə, belə bir yeniliklər təhsilin əhatə dairəsinin genişlənməsi baxımından çox mütərəqqi addımdır”.