Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması alqışlandı: Sərnişinlərin rahatlığı üçündür

Bakı Nəqliyyat Agentliyinin (BNA) yeni Mübadilə Mərkəzi açılıb. Sentyabrın 25-də “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilib. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Yeni açılan Mübadilə Mərkəzini dəyərləndirən nəqliyyat eksperti Fərhad Eyyubov “Sherg.az”a bildirib ki, bu müsbət addımdır:

“Sərnişin daşımaları üçün xüsusi göstəricilər var. Onlar keyfiyyət və kəmiyyət göstəriciləri olmaqla iki yerə bölünür. Təxminən 10-15 il bundan əvvəl sərnişin daşımalarda kəmiyyət göstəricisi daha öndə idi. Yəni həmin vaxtlar əsas üstünlük sərnişinlərin gedəcəkləri məntəqələrə daşınmasına verilirdi. Nə yolla olur-olsun sərnişinlər yolda qalmamalı idi. Amma kefiyyət göstəricisi tamam fərqlidir.

Burada sərnişinllərin ictimai nəqliyyatlara minməsi, düşməsi, nəqliyyatın gedib-gəlmə müddəti, hərəkətin təhlükəsizliyinin təmin olunması, avtobusun sərnişin tutumu və.s kimi amillərə diqqət göstərilir. Bütün bu Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması sərnişinlərin rahatlığının təmin edilməsini şərtləndirir. Məsələn, şəhərdə elə yerlər var ki, orada mübadilə mərkəzləri açmaq olmur. Bu tipli mərkəzlər əsasən müxtəlif nəqliyyat növlərinin bir-biri ilə koordinasiyasına uyğun olaraq müəyyənləşdirilir. Ona görə də çalışırlar ki, böyük metro stansiyalarının ətrafında nəqliyyat mübadilə mərkəzləri yaratsınlar. Əlbətdə ki, bu addımı müsbət qarşılayıram. Bu BNA-nın gördüyü əsas işlərdən biridir. Nəqliyyat sistemində bu kimi mərkəzlərin olması çox yaxşıdır. Amma orada xüsusi nəzarət sistemi olmalıdır. Avtobusların giriş-çıxışı, onların harada dayanması, təhlükəsizlik məsələrləri nəzarətə alınmalıdır”. 

Ekspert onu da əlavə edib ki, bu cür mərkəzlərin sayı artırılmalıdır:

“Nəqliyyat Mübadilə Mərkəzləri böyük metro stansiyaları ətrafında qurulmalı və metrolarla əlaqələndirilməlidir. Yəni metro gecə saat 12-yə kimi işləyirsə, həmin mərkəzlərdə saat birin yarısına kimi avtobuslar dayanmalıdır”.