"Şimal-Cənub" layihəsi ölkəmizi mühüm nəqliyyat qovşağına çevirəcək

“Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin mühüm həlqəsidir”. Bunu Sherg.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Layihənin kifayət qədər mühüm olduğunu bəyan edən partiya rəhbəri bildirib ki, nəqliyyat dəhlizi bir çox böyük iqtisadi güclər, eləcə də Azərbaycan üçün nəqliyyat və logistika dəhlizi kimi xüsusi əhəmiyyətə malikdir: 

“Ölkəmiz həm iqtisadi, həm də strateji maraqlarını həyata keçirmək üçün bu layihə sayəsində geniş imkanlar qazanır. Layihə Azərbaycanı mühüm nəqliyyat qovşağına çevirir. Nəzərə alaq ki, olduqca mürəkkəb regionda yerləşirik. Ölkəmizdə və regionumuzda dünya güclərinin iqtisadi, siyasi, hərbi maraqları var. Beləliklə, müxtəlif geopolitik güclər arasında münasibətlərin daha da kəskinləşdiyi bir vaxtda Azərbaycan məhz bu nəhəng iqtisadi marşrut üzrə körpü rolunu oynamaqla ilk növbədə özünün qlobal milli maraqlarını təmin edə bilər. Təsəvvür edin, Hindistanın Mumbayi limanından İranın Bəndər-Abbas limanına qədər gələn yolun davamı kimi, Qəzvin-Rəşt-Astara yolu ilə daşınan yüklərin Rusiya Federasiyasına, oradan isə Avropanın şimalındakı ölkələrə qədər ötürülməsində ölkəmiz əsas tranzit ölkə rolunu oynayacaq. Bu isə heç şübhəsiz ki, dünya nəqliyyat kommunikasiya tarixində çox önəmli bir hadisə kimi qiymətləndirilə bilər”.

Ə.Hüseynovun sözlərinə görə, çox mühüm geosiyasi əhəmiyyəti olan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi sayəsində Cənubi Qafqaz regionunda və Xəzər bölgəsində Azərbaycanın mövqeləri daha da möhkəmlənəcək: 

“Layihə bu baxımdan Azərbaycan üçün yeni imkanlar açır. Biz layihə haqqında danışarkən eyni zamanda, Ermənistanla bağlı bir məqamı da xüsusi qeyd etməliyik. Sözügedən layihə Ermənistanın beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı planlarının üzərindən xətt çəkir. İşğalçı ölkənin regionun tranzit ölkəsi deyil, tranzit bataqlığına çevrilməsinə şərait yaradır. Bilirsiniz ki, rəsmi İrəvan iki başlıca ölkə - İran və Rusiya arasında birləşdirici həlqə olmaq istəyini hər fürsətdə gündəmə gətirirdi. Lakin Ermənistanın bütün bu cəhdləri uğursuzluqla nəticələndi. İran və Rusiya kimi bölgənin iki əsas aparıcı ölkəsi üstünlüyü Ermənistana deyil, Azərbaycana verdi.

Odur ki, məlum regional və qlobal siyasi proseslərdən dolayı bu mühüm nəqliyyat dəhlizini hazırda istifadəyə verməyin mümkün olmaması müvəqqəti xarakter daşıyır. Əlbəttə, İran və Rusiya ilə bağlı müəyyən problemlər var. Amma bu problemlər bizə aid deyil. İran və Rusiyanın Qərblə problemlərinin mövcudluğu istər-istəməz bu layihənin reallaşması prosesinə də öz mənfi təsirlərini göstərir. Ancaq rəsmi Bakı bütün hallarda bu layihənin yaxın zamanda reallaşacağında ümidlidir. Çünki söhbət ölkəmiz üçün həyati əhəmiyyətli bir layihədən gedir”.