AXCP funksioneri yenə sədrlərinə ittihamlar səsləndirdi: "Əli Kərimli xəyanətkardır"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət Təftiş Komissiyasının sədri Aydın Əliyev yenidən partiyadaşlarına müraciət edib. O, Facebook sosial şəbəkəsindəki səhifəsində canlı yayıma çıxaraq, "cəbhəçilər"ə sədr Əli Kərimlinin təşkilatı necə iflic etməsi haqqında danışıb. 

Sherg.az-ın xəbərinə görə, A.Əliyev Ə.Kərimli və saxladığı trol tayfasının təhdidlərinə məruz qaldığını söyləyib: 

"Əli Kərimli, sən 1993-cü ili yadına sal, getdiyin "siyasi bazarlığı", mərhum prezident Əbülfəz Elçibəyə etdiyin xəyanətləri unutmamışıq. Vaxtilə Azərbaycan müxalifətini təhqir edən Gültəkin Hacıbəylini bu gün qəhrəman etmisən. Səbəbi də odur ki, G.Hacıbəyli sənə maddi dəstək verir". 

AXCP səlahiyyətlisi Ə.Kərimlini saxta partiya vəsiqəsi satmaqda da ittiham edib: 

"Bu gün Azərbaycan müxalifətinin birləşməsinə mane olan sənsən. Birlikləri pozub, müxalifətə və Azərbaycana böyük xəyanətlər içərisindəsən. Tez-tez xarici ölkə səfirləri ilə görüşüb, bizi və sıravi partiya üzvlərini aldatmaqdan utanmırsan. Hər diplomatla görüşdən gələndə yalandan deyirsən ki, "hakimiyyətə gəlirik". 

A.Əliyev vurğulayıb ki, AXCP sədri hər dəfə hakimiyyətin mitinq keçirməyə icazə vermədiyini deyərək "cəbhəçilər"i aldadıb: 

"Amma əziz partiyadaşlarım, görün nə baş verdi. Sentyabrın 28-də Lökbatanda mitinq keçirilməsinə hakimiyyət razılıq verdi. Amma qorxaq Ə.Kərimli özünün absurd, uydurma bəhanələri ilə mitinq keçirilməsinin qarşısını aldı. Axı bununla Kərimli kimə xidmət edir? Kərimliyə üzümü tutub səslənirəm ki, bu ikiüzlü, riyakar oyunlarından əl çəksin. Çünki biz 20 ildən çoxdur ki, bu satqın, qorxaq bir sədrlə heç nəyə nail olmadıq. Bundan sonra da ideyalarımızda uğur qazana bilməyəcəyik. Çünki Ə.Kərimlinin məqsədi bizi aldadıb, öz çirkin oyunlarının qurbanı etmək, partiyaya ayrılan qrantları və digər ianələri mənimsəməkdir". 

"Əli Kərimli, ömründə bircə dəfə cəsarətin və mənliyin olsun, istefa ver" - deyən AXCP yetkilisi vurğulayıb ki, sədr "cəbhəçilər"in siyasi fəaliyyətinə mane olur.