"Qızımı universitetə getməyə qoymazdım" - Xalq artistinin fikirləri müzakirəyə səbəb oldu

Hər bir millətin gələcəyinin formalaşmasında ən önəmli amillərdən biri, bəlkə də birincisi, keyfiyyətli təhsildir. Təhsilli bir cəmiyyətə sahib olmaq üçün ən vacib amil isə qızların sahib olduğu təhsil səviyyəsidir. Millət olaraq genefondumuzda qızların təhsilinə çox önəm verən babalarımız olsa da, bu gün XXI əsrdə qızlarının təhsil almaq istəyini elə öz evindəcə boğan on minlərlə ailə var. Bir kişinin (və ya oğlan uşağının) təhsil alması sadəcə bir nəfərin təhsil almasına bərabərdirsə, bir qadının (və ya qız uşağının) təhsil alması bir nəslin təhsil almasına bərabərdir. Məhz bu düşüncənin fərqində olan H.Z.Tağıyev müsəlman şərqində ilk qızlar məktəbini tikdirərək qızların təhsil almasına yaratdığı imkanlarla əslində bir neçə nəslin təhsil almasına şərait yaratmışdı.

Niyə bu mövzuya toxunmuş olduq? Çünki 21-ci əsrdə belə, qız uşağını oxumaqdan məhrum etmək düşüncəsi, qızları olan valideynlərin onların oxumasına, savad almasına qarşı çıxması problemi nə yazıq ki, hələ də cəmiyyətimizdə mövcuddur. Xalq artisti Nazpəri Dostəliyevanın qız övladları barədə söylədiyi fikir ictimaiyyətin müzakirəsinə səbəb oldu. Belə ki, sevilən xanım sənətçinin açıqlaması bir çoxlarını təəccübləndirdisə, digərlərini də narahat etdi, qıcıqlandırdı. Nazpəri xanım verilişlərdən birində belə bir açıqlama verib: “Çox istəyərdim ki, qızım olsun. Amma Allah xasiyyətimi bildiyi üçün verməyib. Qız uşaqlarına qarşı çox qısqancam. Onu bir dəqiqə nəzarətsiz buraxmazdım. Hətta qızımı universitetə getməyə qoymazdım ki, oxusun. Bəlkə də rəfiqələrinin olmağına belə icazə verməzdim”.

Bu fikirlərə görə xanım sənətçini dəstəkləyənlər qədər tənqid edənlər də az olmadı. 



Aysel Əlizadə: "Qadın deməyə çalışır ki, Azərbaycanda qadın olmaq, qadın kimi ayaqda durmaq çətindir, o, bu çətinlikləri qız övladı olsaydı, ona yaşatmazdı"


Mövzu ilə bağlı yazar Aysel Əlizadə ilə əlaqə yaratdıq.

«Şərq»ə açıqlama verən Aysel Əlizadə «Əvvəla mən Nazpəri xanımın bu sözləri nədən söylədiyini bilmirəm deyə bu barədə danışmaq çətindi. İstənilən halda yanlış yanaşmadır. Qaldı o bu sözləri gerçəkdən bu şəkildə düşünərək deyib, ya yox, bu sualına cavabım yoxdur. Nazpəri xanım Azərbaycanda kifayət qədər tanınan, ictimaiyyət tərəfindən sevilən bir sənətkardı. Ən əsası onun istedadı var. Kim necə düşünür, düşünsün, bu xanım öz zəhmətilə uğur əldə edib, səsi ilə tamaşaçı sevgisi qazanıb. Görünür, onun həyat yolu o qədər çətin olub ki, o, qız uşaqlarına qısqanclıq hiss edir. Həyat onu bəlkə də, o qədər incidib, vurub ki, o qədər çətinliklərlə üzləşib ki, qız övladı olsaydı, imkan verməzdi o bu çətinlikləri yaşasın. Elə buna görə də belə deyib. Əslində onun demək istədikləri qızını təhsildən uzaqlaşdırmaq deyil. Sadəcə fikirlərini düzgün ifadə edə bilmədiyini düşünürəm. Mənə elə gəlir ki, Nazpəri xanım sadəcə fikirlərini ifadə edərkən, doğru kəlmələrdən istifadə etməyib. Üzdə olan qadındır, sənətə gəlmək üçün əziyyətləri az olmayıb, iki oğul böyüdüb, onlara da dəstək olub. Əgər bir ana oğullarına dəstək olubsa, əminəm ki, qızı olsaydı, ondan da artıq dəstək olardı. Sadəcə biz gözləyirik ki, bir tanınmış bir kəlmə yanlış ifadə işlətsin, onu bu sözlə vurub, daş-qalaq edək. Qadın deməyə çalışır ki, Azərbaycanda qadın olmaq, qadın kimi ayaqda durmaq çətindir, o, bu çətinlikləri qız övladı olsaydı, ona yaşatmazdı. Hər halda mən belə düşünürəm ki, bəlli bir uğuru əldə etmək üçün Nazpəri xanım az əziyyət görməyib. O çətinlikləri bir də qızının yaşamasını istəməz deyə, belə deyib. Amma istənilən halda yanlış deyimdir. Hər sahənin çətinlikləri var. Müəllim olmaq da çətindir, həkim olmaq da, jurnalist olaraq çalışmaq da. Biz sadəcə cəmiyyətə mesaj olaraq çatdırmalıyıq ki, biz qadınlar ayaq üstə dura biləcək gücə, zəkaya sahibik. Və bu yolda çətinlik varsa, bunu normal qəbul etməyi öyrənməliyik. Uşaqlarımızı da çətinliklərdən qorxmamağa öyrətməliyik. Kim o qarantı verir ki, təhsil almayan qız ər evinə köçdükdən sonra xoşbəxt həyatı olacaq. Savadlı insanı isə  bədbəxt etmək daha çətindir. Çünki o, zəkasına, savadına arxayın olaraq həyatın çətinlikləri ilə üzləşəndə qorxmayacaq, yaşamaq üçün doğru yolu tapacaq».



Samir Cəfərov: "Qız uşağını təhsildən yayındırmaq, onlara oxumaq üçün məhdudiyyətlər qoymaq həqiqətən çox yanlışdır. Övladlar arasında fərq qoymaq doğru deyil"


Xalq artisti Samir Cəfərov isə ümumiyyətlə qız övladlarının təhsildən uzaqlaşdırılmasının əleyhinədir:

«Mənim Nazpəri xanıma böyük hörmətim var. Amma söylədiyi sözlər, kəlmələr tamamilə yanlışdır. Qətiyyən bunu doğru hesab etmirəm. Sadəcə qız, ya oğlan, fərqi yoxdur, ailə tərbiyəsi düzgün verilməlidir. Qız övladı daha çox ana, oğlan övladı atasının tərbiyəsi ilə doğru tərbiyə alarsa, həyata hazır olar, yanlışı doğrudan ayıra bilər. Valideynlər övladları ilə ünsiyyətlərini doğru qurmalıdırlar, dost olmalıdırlar. Qız uşağını təhsildən yayındırmaq, onlara oxumaq üçün məhdudiyyətlər qoymaq həqiqətən çox yanlışdır. Övladlar arasında fərq qoymaq doğru deyil. İstər qız övladın olsun, istərsə evdə oğlan övladı, fərq etmir, ailədə doğru təbiyəyə üstünlük vermək lazımdır. Nazpəri xanımın da bu yanaşmasını qətiyyən qəbul etmirəm. Biz ictimai insanlar olduğumuz üçün dediyimiz fikirlər təsir edə bilir, ona görə də məsuliyyət hiss edərək açıqlamalar verməliyik. İstənilən halda təhsil vacibdir».