"Məzar"ın daşı ağırdır: Ermənilər filmin təqdimatının əleyhinə çıxırlar - FOTOLAR

Məzarın dağıdılması bir insanın baş daşına deyil, dünyada insanlığa qarşı törədilən vandalizmdir



Qarabağ... Ağdam... Məzarlıq... və dağıdılmış məzar. 
Yenilik deyil, eləmi?!. Ermənilər işğal etdikləri ərazilərdə tarixin kökünü qazıyır, sonra da özününküləşdirir. Məzarlıqlarsa tarixin izlərini saxlayan səma altındakı daş muzeylərdir. Söhbət açdığımız məzarsa, uzun illər qorunub, lap son illərdə dağıdılıb; Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun Ağdam qəbiristanlığındakı şəhid məzarı.    

Məşhur “7 Gün”çülərdən biri, Qarabağ qazisi, jurnalist Asəf Quliyev “Məzar” adlı film çəkib. Və işğaldakı qəbiristanlıqlarımızın fonunda, əslində Qarabağ münaqişəsini beynəlxalq təşkilatların gözü önünə gətirib. O baxımdan ki, filmin çəkilişləri Avropa Birliyinin “Sülh təşəbbüsləri” proqramı çərçivəsində reallaşıb. Müəllif belə bir film üçün müraciət edib və razılıq alıb. 



Allahverdi Bağırovun məzarı dağıdılıb, yoxsa, salamatdı?


A.Quliyev bu sualın ardınca gedib. Və bir çox həqiqətləri üzə çıxarıb. Bu barədə “Məzar” filminin senari müəllifi və rejissoru Asəf Quliyev özü danışır və deyir ki, ilk dəfə 2007-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarı haqqında sosial şəbəkələrdə məlumat yayıldıqdan sonra müxtəlif fikirlərə rast gəlindi. O mənada ki, Allahverdi Bağırovun Ağdamdakı məzarının dağıdılmadığı, onun saxlanıldığı haqda fikirlər ortaya çıxdı. Çünki Allahverdi Bağırovun dəfnindən görüntülər var və bu görüntülərdən bilinir ki, məzarının ətrafında digər şəhidlərimizin də məzarları var.
Ağdamın Şəhidlər Xiyabanında Allahverdi Bağırovla yanaşı digər şəhidlərimiz də dəfn edilmişdi. Amma digər şəhidlərin məzarının olmaması, yalnız Allahverdi Bağırovun məzarının fotosu A.Quliyevdə “doğrudanmı bu həqiqətdir” sualını yaradıb. Və başlayıb araşdırma aparmağa. Allahverdinin məzarını qorumaq üçün orada nüfuzlu və təsirli adamın olması lazımdır ki, sözündən heç kəs çıxmasın. Günlərin birində Allahverdi Bağırovla Vitali Balasanyanın fotosunu görüb və düşünüb ki, Allahverdinin məzarını qoruyan yəqin budur. Müxtəlif yollara əl atıb, tədbirlərdə rastlaşdığı ermənilərlə əlaqə saxlayıb və nəhayət, Vitali Balasanyana məktub yazıb.



Tiflisdə filmin təqdimatı keçirilməli imiş. Avropa İttifaqı bunun üçün vəsait ayırıbmış. Sadəcə erməni tərəfinin destruktiv yanaşması nəticəsində bu, baş tutmadı


V.Balasanyan o dövrdə Əsgəran batalyonunun komandiri olub, sonradan müxtəlif vəzifələrdə işləyib və sonuncu iş yeri də Təhlükəsizlik Şurasının katibi olub. O,  məktuba cavab verib ki, bu məsələlərdən xəbəri yoxdur, Allahverdi Bağırov barəsində Razmikdən soruşun. Razmik də köhnə futbolçudur, əslən Gəncədəndir.

Xankəndində futbol klubunun məşqçisi, sonra stadionun direktoru olub. Müharibə dövründə o da batalyon komandiri olub. Atəşkəs dövründə separatçı rejimin polis idarəsinin rəis müavini vəzifəsində çalışıb, polkovnikdir. Orada nüfuzlu adamdır.
Razmiklə əlaqə saxlamaq imkanları olmadığından Xankəndində başqa mənbələrə müraciət edib, onunla əlaqə yaradıblar və beləcə həqiqəti öyrənə bilib. 
Məlum olub ki, Allahverdi Bağırovun baş daşı Razmik Petrosyan tərəfindən hazırlanıb, lakin 2018-ci ildə məzar dağıdılıb. Allahverdi ilə Razmikin futbolçu kimi münasibətləri olub, sonradan bu münasibətlər kifayət qədər istiləşib və dostluq münasibətləri yaranıb. Hətta filmdə Razmik deyir ki, Allahverdinin atasının dəfnində iştirak edib. Yəni bu şəxslər kifayət qədər yaxın münasibətlərdə olub.



İşin çətin tərəfi...


A.Quliyev deyir ki, işin çətin tərəfi qarşı tərəfdən tərəf müqabili tapmaq idi:

- Çünki mənim ora gedib çəkilişlər aparmaq imkanım yox idi. Əvvəlcə Razmik Petrosyana və Vitali Balasanyana təklif etdim ki, Tiflisə gəlsinlər, orada çəkiliş edək. Razmik Petrosyan səhhətini bəhanə gətirdi, Balasanyanla bağlı dedilər ki, nadir hallarda kənara çıxır, istisna hallarda Ermənistana gedib-gəlir. Bundan sonra mən bir nəfərə təklif etdim ki, orada çəkiliş etsin. Razılıq vermirdi, amma müxtəlif vasitələrlə onu inandıra bildim ki, bu tarixdir və onu filmləşdirmək lazımdır. Və beləcə işə başlandı.

Bəs o “bir nəfər” kimdir? Müəllif onu belə tanıtdı:

- O. Hayk Xanumyandır. Qondarma DQR parlamentinin üzvüdür. Müxalif siyasi qüvvənin lideridir. Bako Saakyanın istefasını tələb edən adamdır. Paşinyan tərəfdarıdır. Orda belə fikir yayılmışdı ki, Allahverdi Bağırovun məzarının düzəldilməsi üçün guya mən Qarabağ ermənilərinə pul vermişəm. Absurddur. Mənim o qədər pulum hardandı? Hayk Xanumyana zərbə vurmaq və onu siyasi arenadan sıxışdırıb çıxarmaq üçün Allahverdinin məzarını dağıtdılar.  
Ermənilər həm də filmin təqdimatının əleyhinə çıxırlar. 

Çünki film əslində erməni vandalizminin əsl simasını göstərir. Bir erməni azərbaycanlı dostuna sədaqətini nümayiş etdirmək üçün ona məzar daşı düzəldir,  amma erməni kütlə gəlib bu məzar daşını dağıdır. Bu, erməniləri qıcıqlandırırdı. 

Məzarın dağıdılması bir insanın baş daşına deyil, dünyada insanlığa qarşı törədilən vandalizmdir. Məzar daşının dağıdılması səhnəsi erməni xalqını düşünənləri narahat edirdi və bu səbəbdən də etiraz etdilər, deyirdilər ki, filmdə bu fraqmentlər olmasın:

- Mənsə, təbii ki, bu səhnəni filmdən çıxara bilməzdim. Bu mənim jurnalist prinsiplərimə zidd idi. Odur ki, mövqe nümayiş etdirdim və dedim ki, əgər razılaşmırsınızsa, özünüz bilərsiniz. Sadəcə, üstün tərəfim odur ki, bu layihəni Avropa İttifaqı ilə razılaşdıranda qarşı tərəfi də inandıra bilmişdim.

Filmin təqdimatı olacaqmı?


A.Quliyev bildirdi ki, 2018-ci ilin oktyabrında Tiflisdə filmin təqdimatı keçirilməli imiş. Avropa İttifaqı bunun üçün vəsait ayırıbmış. Sadəcə erməni tərəfinin destruktiv yanaşması nəticəsində bu, baş tutmadı:

- Mən də 1 il gözlədim, müxtəlif təkliflər etdim. Gördüm qarşı tərəf fikrini dəyişmir, onda düşündüm ki, filmi saxlamağın yeri yoxdur. Və film “youtub” kanalına yerləşdirildi. Düzdür, bəzi texniki problemlərə görə yayım hazırda dayanıb. Amma bunlar düzələn işlərdir. 
Bəs filmin Bakıda təqdimatı olacaqmı? A.Quliyev qeyd etdi ki, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev filmin təqdimatını keçirməyi təklif edib. Təklifə baxılacaq və münasib vaxtda təqdimat keçiriləcək. Mediaya da xəbər veriləcək.   
“Məzar” filmini önəmli edən cəhətlərdən biri də 1992-ci ildə, müharibənin ən qızğın dövründə Allahverdi Bağırovun Cenevrə Konvensiyasının tələblərinə uyğun olaraq, əsirlərin dəyişdirilməsi, döyüş meydanlarında qalan cəsədlərin çıxarılması üçün fəaliyyət göstərməsinin təsdiqidir. Hansı ki, həmin dövrdə onun Cenevrə Konvensiyasından xəbəri olmayıb. Amma əsirlərlə bağlı konvensiyanın prinsiplərinə uyğun davranıb. Bu Azərbaycanın milli qəhrəmanının hansı keyfiyyətlərə malik olduğunu göstərir: 



Təsəvvür edin ki, filmlə bağlı Tiflisə qarşı tərəfdən 4-5 nəfər, bu tərəfdən isə mən tək gedirdim. Bəzən eyni gündə iki otel dəyişir, hər şeyi göz önünə alırdım. Demirəm ki, bu qəhrəmanlıqdır. Amma mən sadəcə həqiqəti ortaya qoymaq istəmişəm


- Mən də çalışdım ki, bunu dünyaya olduğu kimi təqdim edim. Hesab edirəm ki, biz beynəlxalq auditoriyaya həqiqəti çıxarmalıyıq. Həqiqət isə bizim tərəfimizdədir. Yəni bu yolla ermənilərin təbliğat maşınını darmadağın edə bilərik. İkincisi, filmi araşdıranda başqa məqsədlərim də olub.
Filmdə müsahibə verənlərin Xocalı faciəsi ilə bağlı maraqlı açıqlamaları var. Şərait və imkan olsa, bu istiqaməti də aparacağam. Məsələn, ermənilər uzun illər iddia edirlər ki, Ağdama üz tutan xocalıları azərbaycanlıların özləri “öldürüb”. Amma ermənilərin dilindən bu iddiaların yalan olduğunu eşitmək, yaxşı olmazmı? Bax, mən buna nail olmuşam. Məsələ ondadır ki, Ağdamdan Xocalı istiqamətində Allahverdi Bağırovun batalyonu dayanırdı. Bu erməni təbliğatını dağıtmaq üçün mənim nələrə getdiyimi, hansı hisslər keçirdiyimi bilməzsiniz. Təsəvvür edin ki, filmlə bağlı Tiflisə qarşı tərəfdən 4-5 nəfər, bu tərəfdən isə mən tək gedirdim. Bəzən eyni gündə iki otel dəyişir, hər şeyi göz önünə alırdım. Demirəm ki, bu qəhrəmanlıqdır. Amma mən sadəcə həqiqəti ortaya qoymaq istəmişəm. Xocalı ilə bağlı məsələni də hansısa formada hazırlayacağam. Ermənilərin özü etiraf edirlər ki, Xocalıda öldürülənləri azərbaycanlılar öldürə bilməzdi. 



- O zaman, biz ikinci filmi də gözləyək? 

- Xocalı ilə bağlı mənə lazım olan detallar əlimdədir. Sadəcə, bir az vəsait lazımdır. Ağdam batalyonunun döyüşçülərini danışdırmalıyam. Amma kiməsə müraciət etməyə utanıram. Bəzən elə düşünürlər ki, ayrılan vəsait kənar məqsədlərə sərf edilir. Ona görə də kiməsə ağız açmaq istəmirəm. 

- Bəlkə QHT-lərə Dövlət Dəstəyi Şurasına müraciət edəsiniz. 

- Bu, elə uzun bir prosedurdur ki… Mən istənilən vaxt Dağlıq Qarabağa səfər etməyə hazıram. İcazə verilsə, gedərəm və daha çox materiallar gətirərəm. Xarici İşlər Nazirliyinə müraciət etmişəm, ancaq cavab almamışam. Səfər gerçəkləşsə, inanın, Xocalı faciəsi ilə bağlı tutarlı faktlar ortaya qoyulacaq. Beynəlxalq təşkilatlar bu tip layihələri maliyyələşdirmir. Onların iş prinsipi fərqlidir. Ümid Azərbaycan hökumətinədir.