Məhərrəm Zülfüqarlı: "Bəzən icra başçılar yerlərdə özlərini mütləq hakim kimi aparırlar"

“Yeni icra başçılarının gələcəkdə nümunəvi kadr olmasını hər birimiz ürəkdən istəyirik”. Bu fikirləri Sherg.az-a açıqlamasında AVCİYA-nın Seçki Qərargahının rəhbəri  Məhərrəm Zülfüqarlı deyib.

Onun sözlərinə görə, yaşlı və cavanlığından asılı olmayaraq hər kəsin fəaliyyətinə görə qiymət vermək lazımdır:

“Məsələn, köhnə maşına nə qədər yeni sürücü  gətirilsə də həmin maşının getməsi heç kimi qane etməyəcək. Ona görə də islahatlar köklü olmalıdır. Yalnız kadr siyasəti, kadr dəyişiklikləri aparılmamalıdır. Bəzən icra başçılar yerlərdə özlərini mütləq hakim kimi aparırlar, bələdiyyələri saymırlar və onların səlahiyyətlərinə qarışırlar. Yeni və gənc icra başçılarının fəaliyyətinə isə sonra qiymət vermək olar. Düşünürəm ki, kadr islahatı ilə yanaşı həm də digər islahatları həyata keçirmək lazımdır. Yerli özünüidarə məsələlərinə, investisiyanın cəlb olunmasına ciddi fikir verilməlidir".

Ekspert bildirib ki, cənab Prezident də dəfələrlə icra başçılarından tələb edir ki, rayonlara xarici investisiya cəlb etsinlər:

"Amma icra başçıları buna əməl etmirlər. Çünki onlar özlərini müvəqqəti hesab edirlər, ancaq şəxsi maraqlarından çıxış edirlər. Əlbəttə, investisiya cəlb olunsa, işsizlik aradan qalxar, insanların firavanlığı artar. Fikrimcə, yeni təfəkkürlü kadrlara ehtiyac var. Amma Yevlax və Xaçmazın yeni icra başçılarında dediyimiz xüsusiyyətlər də ola bilər. Onların bu cür məsul vəzifədə özlərini doğrultması  fəaliyyətlərindən asılıdır".