Gərginlik artacaq: Gürcüstanın üzərindən oyun oynayırlar

Gürcüstanda etiraz aksiyaları səngimir. Ötən gün Tbilisi sakinləri proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbi ilə növbəti dəfə mitinq keçiriblər. Dövlət Təhlükəsizliyi Xidmətinin binasının yaxınlığındakı etiraz aksiyası polislə toqquşmalara gətirib çıxarıb. Buna səbəb nümayişçilərin binanın girişində etiraz hərəkatının simvolu olan zəncir və kilid asmağa cəhd etmələri olub. 

Bundan əlavə, fəallar binaya aparan Vaji-Pşavel prospektini bağlamaq istəyiblər. Kiçik dərəcəli xuliqanlıq və polislərin haqlı tələblərinə tabe olmadığına görə onlarla etirazçı həbs olunub. Onlar müvəqqəti saxlanma izolyatoruna yerləşdirilib.
 
Gürcüstandakı etirazlarla bağlı “Şərq”ə danışan “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Turan Rzayev deyib ki, qonşu ölkədəki prosesləri anlamaq üçün yaxın tarixə göz gəzdirmək lazımdır. Siyasi şərhçinin sözlərinə görə, keçmiş prezident Mixail Saakaşvili hakimiyyəti dövründə mühüm islahatları ilə ölkəni Rusiyadan Qərbə yönəltməyə, Gürcüstanı avropalaşdırmağa çalışırdı. Ancaq Saakaşvilinin Qərbə inteqrasiyası etirazlar səbəbi ilə natamam qaldı: 



“İndiki prosesə baxsaq, görərik ki, Gürcüstan xaricdən “Avropa tipli” ölkə kimi görünsə də, hakimiyyətlə xalqın arasındakı münasibətlər hələ tam formalaşmayıb. Bu isə ölkədə marağı olan xarici qüvvələrin öz maraqlarını asanlıqla həyata keçirməsinə, kütləni rahat ayaqlandırmasına səbəb olur. Düşünürəm ki, etirazların pərdə arxasında müxtəlif xarici güclər var. Məhz Gürcüstanda, ümumiyyətlə, Cənubi Qafqazda marağı olan dairələr qonşumuz üzərindən oyun oynayırlar. Gürcü ictimaiyyətində siyasi fikir tam formalaşmadığına görə, etirazlar bəlli məqsədə xidmət etmir və nəticədə Gürcüstana ziyan vurur. Gürcüstan bu gün bir çox problemlərlə üz-üzədir. Əsas problemlər separatizm, siyasi istiqrarsızlıq, vahid siyasi fikrin olmamasıdır. Nə qədər ki, bunlar var, Gürcüstanda vəziyyət gərgin olaraq qalacaq”.