TƏKLİF: “Bu deputatların diplomatik pasportları və statusları saxlanılsın!”


“Biz bu gün “Yeni Azərbaycan Partiyasının” Parlamentin vaxtından əvvəl buraxılması haqqındakı təşəbbüsünü müzakirə edirik. Prinsip etibarı ilə mən bu qərara qarşı deyiləm. Çünki doğrudan da kadr islahatları və obyektiv səbəblər nəticəsində parlament üzvlərinin sayı xeyli azalıb”. 

"Sherg.az"ın xəbərinə görə, bu barədə parlamentin bugünkü iclasında çıxışı zamanı millət vəkili, xalq yazıçısı Elmira Axundova bildirib.
Xanım parlamentari qeyd edib ki, Mərkəzi Seçki Komissiyası boş qalan yerlərə əlavə seçki keçirməli idi ya da ümumiyyətlə yeni seçkilər haqqında düşünməli idi:

“Ona görə, məncə, YAP-ın təşəbbüsü məntiqli və başa düşüləndir. Lakin bəzi KİV vasitələri, sosial şəbəkə istifadəçiləri  bu qərarı sensasion bir qərar kimi qiymətləndirərək onun ətrafında dərhal qeyri-sağlam manipulyasiya etməyə başlayıblar. Hətta bəzi leqal saytlar belə bu sayaq məqalə dərc edib. Biz əvvəl də Parlamentə qarşı belə bir ifadələrlə sosial şəbəkələrdə, radikal müxalifət KİV-də rast gəlmişik. Lakin indi Azərbaycanda fəaliyyət göstərən və hakimiyyətə leqal olan saytlar da onlara qoşulmaqdadır. Hətta bir çox leqal saytlar gülünc bir ifadə ilə camaatı çaşdırıblar. Yazıblar ki, Parlament buraxıldı. Halbuki indiki Parlament yeni seçkilər keçirilənədək və təzə Parlamentin tərkibi formalaşana qədər öz funksiyalarını yerinə yetirəcəkdir. Bunu camaat bilməlidir.

Məncə bu dözülməzdir və ölkənin əsas və yeganə qanunvericilik orqanına açıq hörmətsizlikdir. Nəinki Milli Məclisə, eyni zamanda bizə səs verən milyonlarla seçicilərimizə hörmətsizlikdir. Biz özümüz hərdən Parlamentin fəaliyyətindən narazıyıq. Biz də onu daha müstəqil, daha çevik, daha prinsipial görmək istərdik. Lakin demək ki, bu Parlament Prezidentə mane olur və onun siyasətinə qarşı çıxırdı, bu reallığa tamamilə zidd bir şeydir. Biz Prezidentin bütün təşəbbüslərinə, qərarlarına, Milli Məclisə göndərilən qanun layihələrinə həmişə böyük loyallıq və hörmətlə yanaşırıq. Və cənab Prezident Parlamentin 100 illiyində nitqlə çıxış edərkən bizim fəaliyyətimizi yüksək qiymətləndirib. O cümlədən bu və ya digər mütərəqqi addımlar ataraq cənab Prezident məhz deputatların çıxışlarına, təşəbbüslərinə istinad edirdi. Ona görə şəxsən mən Parlamentə qarşı başlanan bu kampaniyanı pisləyirəm və hesab edirəm ki, Parlamentin gördüyü çoxşaxəli işlər gözardıedilməməli və KİV-lər bu mənada yenə də cənab Prezidentin istefaya gedən yüksək çinli məmurlarla olan davranışlarını nümunə götürməlidirlər. Yəni, bizdə hakimiyyətdən sivil qaydada, hörmətlə getmək ənənəsi artıq formalaşır. Məsələn, BDU-nun 100 illiyində cənab Prezidentin keçmiş rektor, 17 il bu vəzifədə işləmiş hörmətli Abel Məhərrəmov və indiki rektor Elçin Babayevlə xatirə şəkili çəkdirməsi mənim çox xoşuma gəldi. Bu bütün cəmiyyətə əslində bir mesaj idi. Milli Məclisə, onun üzvlərinə də, indiki və keçmiş tərkibə də eyni hörmətlə yanaşılmalıdır. Necə ki, Türkiyədə yanaşırlar, onlarda ümumiyyətlə “eks” sözü leksikonda yoxdur. Onlar haçansa Parlamentdə təmsil olunmuş insanlara yenə də həmən hörmətlə “Sayın millət vəkili” deyərək müraciət edirlər”. 

Çıxışının sonunda E.Axundova Parlament rəhbərliyinə və müvafiq qurumlara müraciət edib:

Əlbəttə,bu parlament yenilənəcək və bu zaman yeni tərkibdə təmsil olunmayan  deputatlar ki, olacaq onların diplomatik pasportları və diplomatik statusları saxlanılsın. Çünki bu insanlar akademik, professor, ictimai xadim və  digər yüksək statuslu şəxslər olaraq beynəlxalq konfrans və tədbirlərdə ölkəmizin milli maraqlarını müdafiə etmək məqsədi ilə yenə də tez-tez xaricə səfər edəcəklər. Ona görə diplomatik pasporta ehtiyacları olacaq. Xahiş edirəm bunu mütləq həyata keçirəsiniz”.