Lavrovun "qovluğu"nda Qarabağla bağlı nə var? - BEŞ RAYONU QAYTARMAQ VƏ...

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri hazırkı siyasi situasiyada önəmli məsələlərdən xəbər verir”. Bunu Sherg.az-a açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib. 

Analitik bildirib ki, Lavrovun səfəri ilk növbədə Qarabağ münaqişəsi ilə bağlı yeni prosesi və iki ölkə arasındakı siyasi əlaqələrin dinamik inkişafını müzakirə etməyə hesablanıb: 

“Çox güman ki, Rusiya XİN rəhbəri Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yeni danışıqlar formatını təklif edərək Azərbaycanı buna inandırmağa çalışacaq. Həmçinin iki ölkə arasında siyasi əlaqələrin inkişafında Avrasiya İttifaqı və KTMT üzvlüyünün gələcək perspektivlərini Bakının diqqətinə çatdıracaq. Xatırladım ki, Lavrov bir müddət bundan əvvəl İrəvanda da olub və münaqişənin həlli ilə bağlı yeni format barədə danışıb. Bu formatın şərtlərinə - 5 rayonu qaytarmaq, Qarabağda refererendumu bir müddətdən sonra keçirmək, həmçinin danışıqlarda separtçılarla bir masa arxasında əyləşmək daxildir. Demək olar ki, artıq yenilənmiş "Madrid prinsipləri” unudulur və beş rayonun müqabilində Azərbaycanın Rusiyanın geosiyasi layihələrində yer alması təklif olunur”.



Politoloq: "Rəsmi Bakının Lavrovun bütün təkliflərinin üstündən xətt çəkəcəyi qaçılmazdır"


Siyasi şərhçi vurğulayıb ki, ölkəmiz seçkilərə gedir, kadr dəyişikliyi həyata keçirilir: 

“Belə bir situasiyada Moskvanın hərəkətlənməsi müəyyən suallar doğurur. Təbii ki, Kremllə rəsmi Bakı arasında siyasi təmaslar yüksək səviyyədədir. Lakin rəsmi Bakının Lavrovun bütün təkliflərinin üstündən xətt çəkəcəyi qaçılmazdır. Çünki Azərbaycan tərəfi danışıqlarda hansısa kompramisi qətiyyətlə rədd edir və ərazi bütövlüyünün təmin olunmasını ilkin və dəyişməz şərt kimi irəli sürür. Eyni zamanda düşünmürəm ki, Ermənistanı daima müdafiə edən bir siyasətçi ölkəmizin mənafeyinə uyğun təşəbbüslə çıxış etsin. Bir çox hallarda Lavrovun Bakı səfəri xeyirdən çox ziyan verir”.