Rəfsəncaninin “Xatirat”ını tərcümə edən jurnalist: “Bunun arxasında hansısa sifariş yoxdur”

Əziz Rzazadə: “Azərbaycan-İran münasibətlərində əlimə keçən nə varsa oxucuların, medianın və tarixçilərimizin ixtiyarına verəcəyəm”



“Haşimi Rəfsəncaninin memuarlarını tərcümə etməyin arxasında hansısa sifariş, yaxud xüsusi ismarış göndərmək niyyətim yoxdur”. Bunu Sherg.az-a açıqlamasında tanınmış yazar-tərcüməçi Əziz Rzazadə deyib. 

Jurnalist bildirib ki, profilində paylaşdığı tərcümələr ilk növbədə, oxucu, yəni memuar və tarixi ədəbiyyat mütaliəsinə şəxsi marağınmdan irəli gəlir: 

“Jurnalist, xüsusən də İran mövzusuna hədəflənmiş təhlilçi kimi, mənim üçün “Xatirat” dəyərli mənbədir. Paylaşımları, əlbəttə, hamısını deyil, üstəlik fars dilindəki orijinal mətnlə birlikdə “Facebook”dakı hesabımda ictimai diqqətə çıxarmaqla, onların həqiqiliyini, yəni uydurma olmadığını qabardıram. Oxucu təpkisinə gəlincə, maraqlananlar çoxdur, özüm bu sırada birinciyəm. Çünki həmin dövrün canlı şahidiyəm və bir çox mətləblər mənim üçün kəşfdir”.



Ə.Rzazadə maraqlı tərcümələrin bundan sonra da davam edəcəyini söyləyib: 

“Haşimi Rəfsəncaninin “Xatirat”ının Allahın köməkliyi ilə kitab halında nəşrinə nail olmaq istəyirəm. Düzdür, bu çətin işdir. Çünki gündəlik qeydlərinin hamısı heç İranda da ictimaiyyətə tam açıqlanmayıb. Hələlik üzdə olanların tərcüməsini bitirmək lazımdır. Çox yorucu işdir, bəzən şərqşünas dost-tanışlardan hansısa kəlmənin hərfi mənasını öyrənmək lazım gəlir. Ümumən, Azərbaycan-İran münasibətlərində əlimə keçən nə varsa oxucuların, medianın və tarixçilərimizin ixtiyarına verəcəyəm. Bu həm peşə marağımdan irəli gəlir, həm də, bir növ, şakərimdir”.

Qeyd edək ki, tanınmış jurnalist Əziz Rzazadə İranın sabiq prezidenti Haşimi Rəfsəncaninin memuarlarını tərcümə edərək Feysbuk səhifəsində ardıcıl paylaşımlar edir. Jurnalistin paylaşdığı tərcümələrdə olduqca maraqlı məqamlar, iki qonşu ölkə arasındakı müəyyən məsələlərə və Azərbaycana dair diqqətçəkən nüanslar da var. Bu səbəbdən sözügedən tərcümələr həm sosial şəbəkə istifadəçiləri, həm də ictimaiyyət nümayəndələri tərəfindən maraqla qarşılanıb.