Quran oxumaq üçündür: Evdə şkafın üstündə saxlamaq, qəbir üstə aparmaq üçün deyil

"Azərbaycan, türk, fars, rus və digər dillərdə olan Quran tərcümələrinin çoxu xətalıdır"



Özbəkistanda “Qurani-Kərim”in türk dilində ilk dəfə tərcümə olunması yaxşı mənada ajiotaja səbəb olub. Daşkənddə özbək dilində çap olunan müqəddəs kitabı həm paytaxtda, həm də vilayətlərdəki mağazalardan almaq üçün uzun növbələr yaranıb. Nəfis şəkildə çap olunan Quranı türk dilinə din alimi Şeyx Məhəmməd Sadık Məhəmməd Yusuf tərcümə edib. Müqəddəs kitabın tərcüməsi ilə bağlı xəbərin sosial şəbəkədə yayılması müxtəlif rəyləri gündəmə gətirib. Əksər feysbuk istifadəçisi “Qurani-Kərim”in türk dillərinə tərcüməsinin əhəmiyyətli olduğunu, bir çox müsəlmanın İslamın müqəddəs kitabından xəbərsiz qaldığını iddia ediblər. Bəzi şərhləri oxuculara təqdim edirik: 

Əlikram Əzizov: “Quranı alıb evə qoymaq hünər deyil. Əsas odur ki, Quranın tələblərinə əməl edək. Bizdə görünüş üçün, demək olar ki, hər evdə Quran var. Ancaq etiraf edək ki, 90 faizimiz müqəddəs kitabı oxumamışıq və orada nədən bəhs edildiyindən xəbərsizik”. 

Eldəniz Həsənov: “Din tərbiyədir, elm deyil. Əgər əksi olsaydı, o zaman müsəlmanlar Quranı oxuduqdan sonra “mersedes”, yaxud kosmosda uçan peyk icad edərdilər. Mən müsəlman kimi Qurana inanıram, amma elmi kitab kimi yox?”. 

Namiq Əliyev: “Elə müsəlmanın səhvi odur ki, elm dəryası olan Qurandan kəşf, icad üçün yox, öldürmək, qan tökmək üçün istifadə edir”. 

Ayaz Yusifov: “Müqəddəs kitabın hər xalqın ana dilinə, xüsusən də türk dilinə tərcüməsi yaxşı haldır. Çünki əksər hallarda müsəlmanlar ərəbcə oxuduqları ayələrin, duaların mənası bilmirlər. Bilmədiyini oxumağın nə mənası var?!”. 

Elçin Səfərov: “Əlbəttə, Quranın türk dillərinə tərcümə edilməsi lazımlıdır. Lakin problem ondadır ki, hazırda sanballı tərcümələr yoxdur. Mövcud tərcümələrin çoxunda ciddi xətalar var”. 

Məsələyə ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov da münasibət bildirib. İlahiyyatçı “Şərq”ə açıqlamasında bildirib ki, sovetlər birliyində “Qurani-Kərim” gizli şəkildə evlərdə saxlanılırdı.

Onun sözlərinə görə, o vaxt insanlar Qurandan xəbərsiz idilər, elə indi də xəbərsizdirlər: “Ənənəvi din anlayışı və ənənəvi dinə baxış Quranı insanların əlindən alıb. Quran xüsusi yerlərdə saxlanılır, orucluq ayında başa qoyulur və yas mərasimlərində, məzarlarda oxunur. Bildiyiniz kimi, Quranın ilk ayəsi “Oxu” kəlməsi ilə başlayır. Bu gün elm inkişaf edib və insanlar sosial şəbəkələrdə kifayət qədər informasiya toplamaq imkanına sahibdir. Quranın ayələrinin tərcümə və geniş izah olunması çox vacibdir. Ənənəvi din baxışı ilə Quranın tərcümə edilməsi müasir dövrümüzdə müsəlmanlara xeyir verməyəcək. “Quran” orijinaldan daha dəqiq tərcümə olunmalıdır. Qeyd edim ki, Azərbaycan, türk, fars, rus və digər dillərdə olan Quran tərcümələrinin çoxu xətalıdır”. 

Alim bildirib ki, dilimizdə olan Quran tərcümələri ənənəvi din ideologiyasına əsaslanır:

“Şeyx Sadık Özbəkistanda dini alim kimi xüsusi nüfuza malik şəxs idi və müridləri onun dedikləri sözü qəbul edirdilər. Məhz buna görə, onun tərcümə etdiyi Quranın satışında növbə yaranıb. Lakin ölkəmizdə tərcümə olunan Quran ənənəvi hesab olunur. Mən müqəddəs kitabın daha düzgün anlaşılması üçün özümün tərcümə etdiyim Quranın “pdf” formasını oxuculara təqdim edəcəm. Bir daha bildirim ki, Quran oxumaq üçündür, evdə şkafın üstündə saxlamaq, qəbr üstə oxumaq üçün deyil”.