“Elman Rüstəmov vəzifədən getməsə…” – Ekspertdən Mərkəzi Banka sərt sözlər

2020-ci ilin iyul ayınadək Mərkəzi Bank bank sektorunda, o cümlədən şübhəli kreditlərin verilməsinə nəzarətin gücləndirilməsi üzrə müvafiq tədbirlər görəcək. Bu barədə Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Tədbirlər Planı”nda qeyd edilib. 

Bununla yanaşı, ilin sonunadək Mərkəzi Banka İqtisadiyyat və Maliyyə nazirlikləri ilə birgə bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb. 
Azərbaycanda kredit faizlərinin yüksək olması, həmçinin banklarda depozit və kredit faizləri arasındakı fərqin böyüklüyü cəmiyyətimizdə haqlı narazılıqlar yaradır. 

Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi dövri olaraq gündəmə gəlir. Hər dəfə bu problem qaldırılanda qarşılıqlı günahlandırma prosesi başlayır və bir müddət sonra məsələ həllini tapmamış gündəmdən çıxır. Kredit faizlərinin yüksək olmasında adətən əsas günahkar banklar hesab olunur. Kredit verən təşkilatlar isə bu fikri bölüşmür və səbəbi başqa yerdə axtarmağı məsləhət görürlər. 



Əkrəm Həsənov: “Mərkəzi Bank 20 ildən çoxdur “bank nəzarəti” prosesini həyata keçirir. Ancaq bank bu işi düzgün qura bilmir”


İllərdir müzakirə olunan məsələni Sherg.az-a dəyərləndirən iqtisadçı-ekspert Əkrəm Həsənov deyib ki, Mərkəzi Bankın indiki rəhbərliyi qarşısında bu cür tapşırıqlar bir neçə dəfə qoyulub. Lakin MB tapşırıqları icra etməyib: 

“Aprel ayında MB sədri Elman Rüstəmovun səlahiyyət müddəti bitir. Əgər Mərkəzi Bankın sədrliyində dəyişiklik baş verərsə, müsbət nəticə gözləməyə dəyər. Yox əgər rəhbərlik əvəzlənməsə, qurumdakı indiki komandanın hansısa tapşırığın öhdəsindən gələcəyinə inanmıram”. 

İqtisadçının sözlərinə görə, ilk növbədə Mərkəzi Bank bütün banklara bərabər qaydada kredit verməlidir: 

“Mərkəzi Bank indiyə kimi bunu etməyib. İstədiyi banka kredit verib, istəmədiyinə isə verməyib. Verdiyi krediti də çox ağır şərtlərlə təklif edib. Bizdə banklara nəzarət effektsizdir. Mərkəzi Bank 20 ildən çoxdur “bank nəzarəti” prosesini həyata keçirir. Ancaq bank bu işi düzgün qura bilmir. Banklarda pullar təyinatı üzrə istifadə olunmur. Mərkəzi Bank özü qanunlara əməl etməli və dürüst işləməlidir. Bu keyfiyyətlər hələlik MB-da yoxdur. Ona görə də bank kreditlərinin azaldılacağına inanmıram”.