Həcc ziyarətinin qiyməti “əl yandırır” – Bir zəvvar üçün 8 min manat bahadır

Bu il Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedəcək zəvvarların kvotası müəyyənləşib. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ)  verilən məlumata görə, bu il ölkədən Həcc ziyarətinə 1500 nəfərlik kovata ayrılıb. Ziyarətin qiyməti isə bir nəfər üçün 4490 dollar (7633 AZN) müəyyən edilib. 

Təbii ki, bu məbləği asanlıqla ödəmək heç də hamı üçün mümkün deyil. Sosial şəbəkələrdə qiymətlərin yüksək olması ilə bağlı narazılıq var. 

İqtisadçı-ekspert Natiq Cəfərli isə düşünür ki, təyin olunan məbləği ödəyərək Həcc ziyarətinə getmək tamamilə könüllülük prinsipinə əsaslanmalı və yalnız ailənin fiziki və maddi imkanlarından asılı olmalıdır. 



Natiq Cəfərli: “Bəzən kreditlə Həcc ziyarətinə gedənlər də olur. Mənə elə gəlir ki, bu təşəbbüs müqəddəs ziyarətin fəlsəfəsinə ziddir”


O, Serq.az-a açıqlamasında bildirib ki, Həcc ziyarəti üçün müəyyən edilmiş məbləğə otel, nəqliyyat, yemək pulu və s. Daxildir: 

“Bildiyimə görə, ölkəmizdə müqəddəs yerə ziyarəti Qafqaz Müsəlmanları İdarəsi ilə müxtəlif şirkətlər müştərək həyata keçirirlər. Müşahidələr göstərir ki, qiymətlər ildən-ilə artır. Lakin insanlar həmin şirkətlər vasitəsilə yox, özləri daha uzuc qiymətə Həccə gedə bilərlər. Həm dini, həm də iqtisadi qaydalara görə konkret məbləği ödəyərək Həcc ziyarətinə getmək yalnız insanın özündən asılıdır. Ən azından dində göstərilir ki, Həcc ziyarətinə getmək istəyənlər ailələrinin minimum altı aylıq dolanışığını təmin etdikdən sonra səfərə çıxa bilərlər. Bəzən kreditlə Həcc ziyarətinə gedənlər də olur. Mənə elə gəlir ki, bu təşəbbüs müqəddəs ziyarətin fəlsəfəsinə ziddir. Məncə, ancaq maddi vəziyyəti buna imkan verən insanlar Həcc ziyarətinə getməlidirlər”.