Sosial şəbəkə çaşqınlıq yaratdı: Qadının uşaq oğrusu kimi təqdim edilməsi...  - AKTUAL

Sosial şəbəkələrdə və bəzi saytlarda Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı məlumatlar yayılıb. Hətta oğurluqda ittiham olunan bir qadının fotosu sosial mediada tirajlanıb. Lakin hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində məlum olub ki, uşaq oğurluğunda suçlanan qadının bu məsələ ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev ictimaiyyətdəki atiotajla bağlı mətbuata verdiyi açıqlamada yayılan məlumatların əsassız olduğunu, təsdiqini tapmadığını bildirib.

Onun sözlərinə görə, BŞBPİ və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova müəyyən olunaraq polis idarəsinə gətirilib: “Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb, sakit həyat tərzi sürür, sağlamlıq imkanları məhduddur. Diqqətə çatdırırıq ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur, polis orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan əsassız yazılıb, iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır”. 

Həqiqəti əks etdirməyən xəbərin sosial şəbəkədə, hətta əksər saytlarda yayılması və cəmiyyətdə narahatlığa səbəb olması media rəhbərlərinin hiddətinə səbəb olub.


Baş yazar həmin dezinformasiyanı yayan şəxsə cəza istədi 


“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev sosial şəbəkələrin təhlükəli üzünün bir daha ortaya çıxdığını deyib. Baş redaktor vurğulayıb ki, heç bir sübut olmadan kirayədə yaşayan, məhkumluğu olmayan bir qadını “uşaq oğrusu” çıxartdılar, fotosunu yaydılar:

“Fikrimcə, bu məlumatı ilk kimin yaydığı müyyənləşdirilməli və müvafiq cəzası verilməlidir. İnsanlar bu cür davranışın bir məsuliyyətinin olduğunu anlamalıdırlar. Lazımdırsa, bununla bağlı qanunvericiliyə dəyişikliklər edilməlidir. Unutmayaq ki, bu gün o qadının yaşadıqlarını sabah hamımız yaşaya bilərik”.