Dövr və şərtlər dəyişib: Münaqişənin həlli ilə bağlı yeni beynəlxalq anlayış formalaşıb

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla növbəti görüşü baş tutub. XİN rəhbərlərinin budəfəki görüşü Cenevrədə keçirilib. Nazirliyin mətbuat katibi Leyla Abdullayevanın məlumatına görə, görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. 

Nazirlərin görüşündə Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanması müzakirə edilib. 

XİN başçılarının növbəti görüşünü “Şərq”ə təhlil edən politoloq Qabil Hüseynli deyib ki, Ermənistan hökumətinin sülh danışıqlarından başqa çıxış yolu yoxdur. 



Qabil Hüseynli: “Ona görə də İrəvan hökuməti əvvəl-axır danışıqlar masasına oturmalı və ona diktə ediləni qəbul etməlidir”


Ekspertin fikrincə, baş nazir Nikol Paşinyan nə qədər absurd fikirlər səsləndirsə də, birbaşa təmaslardan imtina edə bilməz: “Paşinyanın sərsəm ifadələri, qərəzli mövqeyi danışıqlar prosesinə ciddi zərbə vurur. İrəvan sülhün tərəfində olmadığını dəfələrlə isbatlayıb. Amma məsələ ondadır ki, düşmən hərbi əməliyyatların başlanmasını da arzulamır. Çünki Ermənistan müharibə başlayacağı təqdirdə fəlakətə düçar olacağının fərqindədir. Paşinyanın qaçacaq yeri yoxdur. Sabiq prezidentlər Serj Sarksiyan və Robert Koçaryan Azərbaycan torpaqlarının işğalında rol oynamış şəxslər kimi bu təhlükəli mirası Paşinyana ötürüb gediblər. Lakin artıq sabiqlər də anlayır ki, dövr dəyişib, şərtlər əvvəlki kimi deyil, yeni beynəlxalq anlayış formalaşıb. Pis-yaxşı proseslərə nəzarət edilir. Müəyyən mənada işğalçı Ermənistana təzyiqlər də göstərilir. Bütün dövlətlər və nüfuzlu qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Avropa Birliyinin qərarına görə, postsovet məkanındakı bütün münaqişələrə yanaşmalar ərazi bütövlüyü çərçivəsində olmalıdır. O baxımdan Paşinyan uzun müddət özünü “dəlioğlanlığa” qoyub, real faktlardan qaça bilməz. İrəvan hökuməti əvvəl-axır danışıqlar masasına oturmalı və ona diktə ediləni qəbul etməlidir. Bunun əksi savaşdır”.