Flora Qasımova: “Tural Gəncəliyev daha təcrübəli, müasir, həm də təmkinli kadrdır” - MÜSAHİBƏ



"Mən həmsədrləri görən kimi dərhal əsəbiləşirəm, içimdəki nifrəti kəskin büruzə verirəm"



"Hesab edirəm ki, təkcə İcma rəhbəri olmaq kifayət etmir. Paralel olaraq deputatlıq statusunun olması, yəni parlamentdə təmsilçilik də önəmlidir"



“Şərq”in budəfəki müsahibi sabiq millət vəkili, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımovadır. F.Qasımova 2010-cu ildən 2019-cu ilə qədər 122 saylı Xankəndi seçki dairəsinin deputatı olub. Lakin növbədənkənar seçkilərdə namizədliyini irəli sürməyib. Sözügedən dairədən deputatlığa lider namizəd Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevdir. 

Flora Qasımova ilə gənc İcma sədrinin aktiv fəaliyyəti, deputat seçilməsi və ümumilikdə Dağlıq Qarabağ münaqişəsinin həlli barədə söhbətləşdik...

 - Flora xanım, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevin kifayət qədər aktiv fəaliyyətini necə dəyərləndirirsiniz? 

 - Tural Gəncəliyev gəncdir, enerjilidir. Həm də təcrübəlidir, uzun müddət Azərbaycan Xarici İşlər Nazirliyində çalışıb. Yəni müasir dövrə uyğun hazır kadrdır. Beynəlxalq təşkilatlarda Dağlıq Qarabağın Azərbaycanlı İcmasını təmsil etməyə ən layiqli gəncdir. Eyni zamanda çox təmkinlidir. Mən Minsk Qrupunun yarıtmaz həmsədrləri ilə görüşəndə onlara qarşı içimdəki nifrəti, kəskin münasibəti biruzə verirəm. Emosiyalarımı gizlətməyi bacarmıram. Məsələn, ötən dəfə bir görüşdə vasitəçilər dedilər ki, icmaların görüşünü sadə vətəndaşlar istəyir, amma separatçı qurumun rəhbərliyi buna qarşı çıxır. Mən də dedim, onda belə çıxır ki, sizin 25 ildir apardığınız sülh danışıqlarının heç bir mənası, əhəmiyyəti yoxdur. Söylədim ki, bizdə atalar məsəli var - “Bir dəli quyuya daş atdı, yüz ağıllı onu çıxarda bilmədi”. Axı Ermənistan nə boyda dövlətdir ki, bu qədər suçu, cinayəti ola-ola yenə də cəzadan kənarda qalır?! Halbuki, BMT-nin, AŞ PA-nın və digər beynəlxalq qurumların qətnamələri Ermənistanın işğalçı olduğunu, Azərbaycan torpaqlarına təcavüz edildiyini təsdiqləyir. Bəs niyə düşmənin qarşısı alınmır? Həmsədrlərlə hər görüşümdə bu sözləri üzlərinə deyirdim. Onlar da gedib şikayət edirdilər ki, Azərbaycandan olan deputatlar, icma üzvləri çox aqressiv davranırlar. Yəqin ki, məni nəzərdə tuturdular. Əslində millət vəkili Elman Məmmədov da mənim kimi sərt danışırdı. Bəzən belə danışanda bizi müharibə istəməkdə ittiham edirdilər. Ancaq mən müharibə istəmədiyimi deyirdim. Çünki bizim evə bir gecədə 3 meyit gəlib. Sadəcə artıq səbrimiz tükənib.

 - Tural Gəncəliyevin fərqli mövqe sərgiləyəcəyini düşünürsüz? 

- Əminəm ki, Tural Gəncəliyev daha təmkinli davranacaq və həmsədrlərin cavabını soyuqqanlı şəkildə verəcək. İndiyə qədər Dağlıq Qarabağın Azərbaycanlı İcması heç bir iş görməyib. Tural Gəncəliyevin icma sədri seçilməsindən sonra ciddi fəallıq nümayiş olunur. Yeni rəhbərlikdən sonra dövlətin də İcmaya münasibəti dəyişib. Etiraf etmək lazımdır ki, uzun illərdir erməni icması Avropada, dünyanın bütün beynəlxalq təşkilatlarında, səfirlik və nümayəndəliklərdə çox ciddi fəaliyyət sərgiləyib, öz təbliğatlarını qurublar. Biz isə xaricə çıxmırdıq, təbliğat fəaliyyətimizi genişləndirmirdik. Əgər Suriyada, İraqda gedən proseslərlə bağlı informasiya almasaq, oradakı vəziyyətdən xəbərimiz olardımı? Olmazdı. Kimin haqlı və ya haqsız olduğunu bilməzdik. Qarabağ münaqişəsi də belədir. Problemi hamıya çatdırmalıyıq ki, hansı tərəfin işğalçı, hansının təcavüzə məruz qaldığını dünya ictimaiyyəti də bilsin. Ötən gün fransalı senator deyirdi ki, fransızlar Xocalı soyqırımından bixəbərdir. Deməli, fransızlar 28 il keçməsinə baxmayaraq, bu faciə haqqında məlumatsız olublar. 

- Sizcə, bunun günahı münaqişədə həmsədr olan Fransadadır, yoxsa indiyə kimi zəif təbliğat aparan İcmada? 

- Dağlıq Qarabağın Azərbaycanlı İcmasının fəaliyyəti çox zəif olub. İcma xaricdə genişmiqyaslı təbliğat aparmalı idi. Əfsuslar olsun ki, rəhbərlik dəyişənə qədər bunun şahidi olmadıq. Xaricdə görüşlər təklif ediləndə maddi durumu bəhanə gətirərək boyun qaçırıblar. Halbuki Azərbaycan güclü dövlətdir və iqtisadi gücü imkan verir ki, istənilən ölkədə Dağlıq Qarabağla, Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilməsinə dəstək göstərsin. Əlbəttə, bunu İcma təşkil etməliydi.Tural Gəncəliyev seçiləndən sonra Dağlıq Qarabağın Azərbaycanlı İcmasının fəaliyyəti canlanıb. Artıq dünyada İcmamızın səsi eşidilir. Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın erməni icmasından danışanda və bizi nəzərə almayanda qəfil ayıldıq ki, bizim İcmanın da səsi çıxmalıdır. Belə olmamalıydı, Qarabağın Azərbaycanlı İcmasının səsi əvvəlcədən gur çıxmalıydı. 

- Sizcə, Tural Gəncəliyev həm İcma sədrliyi, həm də deputatlıq missiyasının öhdəsindən layiqincə gələ biləcəkmi? 

- Məncə, gələcək. Hesab edirəm ki, təkcə İcma rəhbəri olmaq kifayət etmir. Paralel olaraq deputatlıq statusunun olması, yəni parlamentdə təmsilçilik də önəmlidir. Avropa Şurasında, Avropa İttifaqında, ATƏT-də, NATO-da və s. qurumlarda parlamentlərarası dostluq qruplarımız var. Beynəlxalq platformalarda iştirak və çıxış edən deputatımızın həm də İcma sədri olması müsbət effekt verər. Çünki Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri digər deputatlarla müqayisədə münaqişəni daha çox gündəmə gətirər. Mən Tural Gəncəliyevin deputat olmasının tərəfdarıyam. O, bir neçə xarici dil bilir və diplomatik fəaliyyət göstərib. Söz yox ki, onun danışığı ilə mənim danışmağım arasında fərq var. Düzdür, qaçqın və məcburi köçkün rayonlarının deputatı olmaq çox çətindir. Daim onların içində olmalısan, sıx təmas qurmalısan, problemləri ilə maraqlanmalısan. Mənim telefonum günün 24 saatı açıq olub. Gecə saat 1-də zəng edib məndən kömək istəyiblər. Lakin əlindən gələn hər köməyi etsən də, bəzən narazı qalırlar. Əslində onları da başa düşmək lazımdır. İllərlə doğma yurd-yuvalarına, ev-eşiklərinə həsrət qalıblar və hamıdan incik düşüblər. 30 ilə yaxın müddət keçib, ancaq hələ də öz torpaqlarımıza qayıda bilməmişik. Ona görə də qaçqın və məcburi köçkünlər üçün ən yaxşı kömək işğal olunmuş torpaqların azadlığı uğrunda mübarizə aparmaqdır. 

- Hər halda qarabağlılar sizi daha yaxşı tanıyır və hörmət bəsləyirlər. Niyə bu dəfə namizəd olmadınız? 

- Mən 10 il deputat olmuşam və bacardığım hər şeyi etmişəm. Düzdür, edə bilmədiklərim də oldu, ancaq vəzifəmin öhdəsindən layiqincə gəlməyə çalışdım. Məncə, artıq gənclərə meydan vermək lazımdır. Nə qədər deputat olmalıyam ki? İmkan verək, başqaları da o kresloda otursun. Elə məsələlər var ki, gənc, dinamik adamlar tələb olunur. Məsələn, Xankəndinin icra strukturu yoxdur. Bu qədər zaman keçib, hələ də bir struktur yarada bilməmişik ki, xankəndliləri idarə etmək mümkün olsun. Bu gün xankəndlilər 38 rayonun ərazisində məskunlaşıblar. Bu qədər yeri gəzmək, insanların problemi ilə tək-tək məşğul olmaq çox çətindir. 38 rayonu gəzsək belə problemləri həll etmək gücümüz yoxdur. Düşünürəm ki, nəhayət gənclər bu məsələni həll edərlər. Onu da qeyd edim ki, mən hazırda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvüyəm. Öz funksiyamı bu vəzifədə də yerinə yetirəcəm və Tural Gəncəliyevə dəstək olacam. Bəzən deyirlər, 70 yaşı var, qocadır və s. Amma mən ölənə qədər torpaqlarımızın işğaldan azadlığı uğrunda çalışacam. Çünki mənim qeyrətim bu işğalla barışmır. Bu dərəcədə aciz olmamalıyıq. 

- Səhv etmirəmsə, köməkçiniz Səbuhi Səmədov da 122 saylı Xankəndi dairəsindən deputatlığa iddialı idi? 

- Bəli, o da namizədliyini vermişdi. Həmin dairədən başqa namizədlər də var idi. Onları başa saldım, öz köməkçimə də izah etdim. Dedim, əlbəttə, siz də xankəndilisiniz və deputatlığa layiqsiniz, amma burada diplomatiya və dil bilgiləri mühüm rol oynayır. Siz Tural kimi xarici ölkələrdə, beynəlxalq platformalarda ingilis və başqa dillərdə məharətlə çıxış edə biləcəksinizmi? Düşmənin cavabını layiqincə verəcəksinizmi? Məncə, bu işləri T.Gəncəliyev daha yaxşı görər. 

- Vurğuladınız ki, Tural Gəncəliyev daha təmkinlidir və diplomatik davranır. Bəlkə artıq düşmən tərəflə və həmsədrlərlə sizin kimi sərt danışmağın vaxtıdır? 

- Yeri gələndə sərt də danışmalıyıq və öz kəskin mövqeyimizi ortaya qoymalıyıq. Düşmən və onları himayə edənlər Azərbaycanın gücünü bilməlidir. Ancaq mən həmsədrləri görən kimi dərhal əsəbiləşirəm. İllərdir turist kimi gəlib-gedirlər. Əslində birbaşa həmsədrləri də qınamıram. Çünki onlar da təmsil etdikləri dövlətlərin dedikləri ilə oturub-dururlar. Hər halda müəyyən yerlərdə diplomatik gedişlər olmalıdır. 

- 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllindən gözləntiləriniz nədir? Müsbət irəliləyişin olacağını düşünürsüzmü? 

- Əgər həmsədr dövlətlər işğalçı Ermənistana təzyiq göstərməsə, müharibədən başqa çıxış yolumuz qalmayacaq. Düşmən tərəfin rəhbərliyi və qondarma rejimin “başçıları” qatı cinayəkardır. Münaqişə sülh yolu ilə həll olunarsa, ilk cəzalanan məhz onlar olacaq. Bunu çox gözəl bildikləri üçün sülhə yaxın gəlmirlər. Əgər separatçılar ən sərt şəkildə cəzalandırılmasalar, sülh olsa belə biz Qarabağda ermənilərlə birgə yaşaya bilməyəcəyik. Separatçılar hər vəchlə Qarabağdakı sadə ermənilərlə görüşümüzə mane olmağa çalışırlar. Münaqişə yenicə başlayan vaxt mən öz torpağımızda yaşayırdım. Hətta anamgil axır aylara, kənd yandırılana qədər orada qaldılar. Onlar deyirdi ki, erməni qonşuları ağlayırdı və etirazla deyirdilər ki, niyə Azərbaycan tərəfi separatçı erməniləri cəzalandırmır. Oradakı sadə ermənilər separatçıları dəstəkləmirdi. Reallıq ortadadır, münaqişə ermənilərə heç bir fayda vermədi. Əksinə, ermənilərin bərbad vəziyyətə düşməsinə gətirib çıxartdı. 

- Sadə ermənilər müharibənin tərəfdarı deyildi? 

- Əlbəttə, deyildilər, indi hamısı peşmandır. Mən xarici ölkələrdə, Rusiyada olanda sadə ermənilərlə rastlaşıram. Erməni xalqı sülh danışıqlarının tərəfdarıdır. Ancaq düşmən ölkənin siyasi rəhbərliyi və separatçılar bunu qətiyyən istəmir. Onları da kənardan qızışdırırlar. Təəssüflər olsun ki, bəzi xarici dövlətlər ermənilərdən maşa kimi istifadə edir. Tarix boyu belə olub. Amma buna rəğmən Dağlıq Qarabağda yaşayan ermənilər yaxşı bilirlər ki, bu torpaqlar Azərbaycanındır və azərbaycanlılar Qarabağa qayıdacaq. Hətta indi Qarabağda azərbaycanlının evində yaşayan erməni biz qayıdan kimi evdən çıxacağını deyir. Ancaq erməniləri bu vəhşətə sürükləyənlər həddindən artıq təhlükəlidir. Təkcə bizə deyil, öz vətəndaşlarına qarşı da qəddardırlar. O səbəbdən sülh istəyən ermənilər qorxudan dinə bilmirlər. 

- Azərbaycan ictimaiyyətində düşmən ermənilərə qarşı münasibət çox kəskindir. Əksəriyyət hesab edir ki, Qarabağ işğaldan azad olunandan sonra orada bir nəfər erməni qalmamalıdır. Belə kəskin mövqeyə münasibətiniz necədir?  

- O cür düşünənlərə haqq vermək lazımdır. Əvvəlki praktikada Qarabağda birgəyaşayış mövcud olsa da, 1905-1907-cı illəri, ardınca 1918-ci il hadisələrini yaşamışıq. Erməni xisləti heç zaman dəyişməyib. Mən də hesab edirəm ki, bundan sonra ermənilərlə bir yerdə yaşamağımız çətin olacaq. O vaxt möhkəm sülh olacaq ki, Ermənistanda yaşamış azərbaycanlılar da ora qayıtsınlar və onlara da muxtariyyət verilsin. Təəccüblüdür ki, 1921-23-cü illərdə Dağlıq Qarabağda ermənilərə muxtariyyət veriləndə bizimkilər bu məsələni qaldırmadılar. Nəhayət, Ermənistanı başa salmaq lazımdır ki, Azərbaycan xalqının səbri tükənib. Əgər biz müharibəyə başlasaq, düşmən bizim qarşımızda dayana bilməyəcək. Ermənistanı himayə edənlər nə zamansa onları tək qoysalar, düşmənin aqibəti necə olacaq? Bu reallıqları İrəvana başa salmaq lazımdır. Hərdən ermənilər bizi təhrik etmək üçün bəyanatlar verir, müharibə ilə hədələyirlər. Lakin canlarında böyük qorxu var. Sadəcə arxalarında duran güclərə o qədər güvənirlər ki, bizə hədə-qorxu gəlməkdən çəkinmirlər. 

- 30 ildir davam edən münaqişəni sülh yolu ilə həll etmək mümkün olmayıb. Sizcə, müharibəsiz torpaqlarımızın azad edilməsi nə qədər realdır? 

- İlk növbədə təzyiq metoduna üstünlük verməliyik. Ermənistanı iqtisadi cəhətdən zəiflətmişik, bizim icazəmiz yoxdur deyə, düşmən ölkə heç bir regional layihəyə qoşula bilmir. Hazırda ermənilər xaricdəki diasporanın və lobbinin hesabına ayaqda durur. Paşinyan hökuməti isə ABŞ-la Rusiya arasında gedib-gəlir. Hər şey ortalıqda qalan Ermənistanın nəhayət hansı tərəfə üz çevirəcəyi ilə bağlıdır. Bunlar məsələnin siyasi tərəfidir. O ki qaldı müharibəyə, onunla bağlı da fikrimi ifadə edim. TRT 1-də “Kuruluş Osman” adlı serial gedir. Serialda Şeyx Ədəbalı obrazını canlandıran aktyorun bir sözü var. Deyir ki, “torpağa su qatsan palçıq, qan qatsan Vətən olar”. Əgər sülhlə mümkün deyilsə, o zaman qan tökərək, savaşla torpaqlarımızı işğaldan azad etməliyik. Bunun başqa yolu yoxdur.