Deputat siçan tutandır?! - "Gərək onlar öz yerlərini gənclərə verəydilər"

Növbədənkənar parlament seçkilərinə qatılmış namizədlərin təbliğat kampaniyasında Qarabağdan  çox az danışıldı. Deputatlığa bir neçə namizəd istisna olmaqla əksər namizədlərin seçki platformasında Dağlıq Qarabağ münaqişəsinin həlli, ərazi bütövlüyümüzün bərpası, işğal altındakı torpaqların azad edilməsinə yer verilməmişdi. 

Namizədlər sanki, torpaqlarımızın işğal altında olduğunu unutmuşdular. Təbliğat kampaniyasında da daha çox sosial məsələlər qabardılırdı, namizədlər seçicilərə “yol, abadlıq, qaz, su...” vədi verirdilər. Elə bil, seçkilər Milli Məclisə deyil, kommunal təsərrüfatı birliklərinə keçiriləcəkdi. Deputatlığa namizədlərin Qarabağı unutması görəsən, nəylə bağlı idi? 

1990-cı ildə ozamankı Azərbaycan SSR Ali Sovetinə seçkilərdə deputat seçilmiş və 1 il sonra - 1991-ci ildə Azərbaycanın Müstəqillik Aktının qəbul olunmasında iştirak etmiş sabiq təhsil naziri Firudin Cəlilov “Şərq”ə açıqlamasında qeyd etdi ki, budəfəki seçkilərdə deputatlığa namizədlər təbliğat kampaniyalarını daha çox sosial problemlər üzərində qurmuşdular, lakin bu, yanlışdır:



Firudin Cəlilov: "Bu seçkilərdə də deputatlığa namizədlərin biri yol çəkəcəyini deyirdi, biri daimi qaz, su, elektrik enerjisi vəd edirdi"


- Mən 1990-cı ildə deputatlığa namizəd kimi təbliğat kampaniyası apardığım zaman bir sakin yaxınlaşıb dedi ki, binalarının blokunu siçovul basıb. Bunun qarşısını ala biləcəksiz? Gülmək məni tutdu, dedim, 2 oğlum var, hərəsinin əlinə bir “raqatka” verərəm, siçovulları vurarlar... a kişi, deputat siçan tutandı?!. Bu seçkilərdə də deputatlığa namizədlərin biri yol çəkəcəyini deyirdi, biri daimi qaz, su, elektrik enerjisi vəd edirdi. Deputat dövlət məsələləri ilə məşğul olmalıdır. Nədir bu? Yəni, qanunlar hazırlamalıdır, qəbul etməlidir, dövlər strukturları da o qanunların icrasını yerinə yetirməlidir. Amma bizim bəzi deputatlar Milli Məclisə adi iş yeri kimi baxır, hesab edir ki, seçildi, gedib əyləşəcək parlamentdə və əmək haqqı alacaq. İş bundan ibarətdir. Bizim dövrümüzdə nazirlərin parlamentə gəlib hesabat verməsini tələb edirdik. İndiki deputatlar heç “JEK” müdirinin qəbuluna düşə bilmir. Çoxu da yaşlı insanlardır. Gərək onlar öz yerini gənclərə verəydilər.