“Lada”, “VAZ”, “Niva” – Azərbaycanlıların Rusiya istehsalı maşınlara marağının SƏBƏBLƏRİ

Ötən il Rusiyadan Azərbaycana 3300 avtomobil ixrac olunub. Statistikaya görə Rusiyadan avtomobil ixrac edilən ölkələr sırasında Azərbaycan üçüncüdür. Digər ilk iki yeri isə 10000 avtomobillə Çexiya və 8500 avtomobillə Özbəkistan tutur.  Maraqlıdır ki, niyə azərbaycanlı sürücülər Rusiya istehsallı avtomobillərə belə çox maraq göstərirlər? 

Nəqliyyat eksperti Elməddin Muradlı Sherg.az-a açıqlamasında bunun bir neçə səbəbini göstərdi: 

“Əvvəla, Azərbaycan sürücüləri üçün Rusiya istehsallı avtomobillər daha əlçatandır. İkinci tərəfdən, SSRİ uzun illər bu ittifaqa daxil olan ölkələrə maşın ixrac edib. Biz yalnız müstəqillik əldə etdikdən sonra xarici markalarla tanış olmuşuq. Bu da azərbaycanlıların Rusiya istehsallı maşınlara meyl göstərməsinin əsas səbəblərindəndir. “Lada”, “VAZ”, “Niva” markalı avtobillərə gənclər arasında maraq daha kütləvidir. Onlar xüsusilə şou xatirinə bu avtomobillərə üstünlük verirlər. Üçüncüsü isə Rusiyada istehsal olunan avtomobillərin qiyməti nisbəti ucuzdur”. 



Elməddin Muradlı: “Rusiya istehsallı avtomobillərin texniki təminatının sadəliyi, həmçinin ehiyat hissələrinin asan tapılması bu məsələyə təsir edir”


Ekspertin sözlərinə görə, mövcud statistikaya təsir edən əsas amillər sırasında bu avtomobillərin texniki təminatı da mühüm rol oyanyır: 

“Qeyd etdiyim amillərlə yanaşı, Rusiya istehsallı avtomobillərin texniki təminatının sadəliyi, həmçinin ehiyat hissələrinin asan tapılması bu məsələyə təsir edir. Azərbaycanda bütün ustalar Şimal qonşumuzda istehsal olunan maşınların nasazlığını asanlıqla müəyyənləşdirib, problemi həll edə bilərlər. Ancaq bir çox ustalar xarici markalı avtomobillərin texniki təminatına bələd deyillər”. 

E.Muradlı düşünür ki, Rusiyadan avtomobil ixrac edilən ölkələr sırasında ilk yerdə Çexiyanın qərarlaşması heç də təsadüfi deyil: 

“Görünür, Rusiya istehsalı avtomobillər müasir tələblərə cavab verir. Hətta keçmiş SSRİ dövründə Rusiyanın istehsal etdiyi maşınlar Misirdən tutmuş Avropa ölkələrinə qədər yayılmışdı. Sadəcə hər sifarişçi ölkə özünə uyğun olaraq avtomobildə müəyyən rekonstruksiyalar edir. Məsələn Yaponiyada avtomobillərin sükanı sağ tərəfdədir. Ərəb ölkələrindəki bütün maşınlarda kondisioner olur. Halbuki istehsalçı ölkə avtomobilləri belə istehsal etmir. Bu dəyişikliklər sonradan edilir”.