“Yeni parlament təkmil qanunların qəbulunu sürətləndirəcək” – Baş redaktor


“9 fevral parlament seçkiləri Azərbaycanın demokratiya tarixinə yeni bir səhifə yazdı. Bu tarix, eyni zamanda, yeni, təkmil, müasir parlamentin formalaşmasının başlanğıcı oldu. Dövrün, zamanın tələbinə uyğun təkmilləşmənin qanunverici qurumda əksini tapması günümüzün əsas tələbinə çevrilib. Artıq martın 10-da 6-cı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi”.

Bu fikirləri siyasi elmlər doktoru, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Milli Məclisin ilk iclasının keçirilməsi ilə bağlı “Sherg.az”a açıqlamasında bildirib.

Baş redaktorun sözlərinə görə, yeni fəaliyyətə başlayan parlament bütün sahələrin inkişafına xidmət edən yeni, təkmil qanunların qəbulu ilə ölkəmizin davamlı inkişafına dəstəyini verəcək:



“İslahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə, Azərbaycan dünyada ilk onluqdadır. Təkcə ötən ildə və cari ilin arxada qalan dövründə atılan addımlara, imzalanan fərman və sərəncamlara diqqət yetirmək kifayətdir. Bu gün ölkəmizdə hansı sahəyə diqqət yetirsək, böyük inkişafın, tərəqqinin şahidi olarıq. Ölkənin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayan qanunlarımızın, Milli Konstitusiyamızın zamanın tələbinə uyğun olaraq təkmilləşməsi dövlətimizin həyata keçirdiyi siyasətin prioritet istiqamətidirsə, bu halda yeniləşmənin, təkmilləşmənin ümumilikdə qanunverici hakimiyyəti əhatə etməsi də təqdirəlayiqdir”.

V.Rəhimzadə vurğulayıb ki, 6-cı çağırış Milli Məclisə seçkilər bir daha Azərbaycanın demokratik cəmiyyətin varlığını təsdiqləyən amillərin ölkəmizdə bərqərar olmasında maraqlı olduğunu ortaya qoydu: 

“Ölkəmizdə çoxpartiyalı sistemin formalaşması, həmçinin bütün siyasi partiyalara fəaliyyətləri üçün eyni şəraitin yaradılması dövlət siyasətinin əsasında dayanır. 9 fevral parlament seçkilərində 20-yə yaxın siyasi partiyanın iştirakı deyilənlərin bariz nümunəsidir. Prezident İlham Əliyev 6-cı çağırış Milli Məclisin ilk iclasında xüsusi vurğulayıb ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər. Nəticədə altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşır. Seçkilərdə Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini əldə edib. Cənab İlham Əliyev bildirdi ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyində təmsil olunmalıdırlar”.