“Azərbaycanda koronavirusa qarşı lazımi ölçülər götürülür”

Aynur Camalqızı: “Gərək insanlar da ehtiyatlı olsunlar. Sadəcə adi gigiyena qaydalarına əməl etmək lazımdır”

Koronavirusa qarşı dünyanın əksər ölkəsində olduğu kimi, Azərbaycanda da ciddi tədbirlər görülür. Əlbəttə, bütün addımlar insanların sağlamlığının qorunmasına hesablanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da  ölkəmizdə həyata keçirilən təhlükəsizlik tədbirlərini müsbət qiymətləndirir.

 “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı da “Sherg.az”a açıqlamasında Azərbaycanda bu problemə həssas yanaşıldığını söyləyib:

 “ÜST artıq koronavirusun pandemiya olduğunu elan edib. Sözsüz ki, bu, vəziyyətin ciddiliyindən xəbər verir. Ancaq panikaya əsas yoxdur. Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah bu işlə məşğul olur. Təhsil ocaqlarında, müxtəlif iaşə obyektlərində, ictimai nəqliyyatda dezinfeksiya tədbirləri həyata keçirilir. Koronavirusun əsas mərkəzlərindən biri olan İranla sərhədlər bağlanıb. Dərslər dayandırılıb. Sadaladığım amillər göstərir ki, ölkəmizdə koronavirusa qarşı mübarizə hökumətin prioritet istiqamətidir”. 

A.Camalqızının fikrincə, vətəndaşlar da diqqətli olmalıdırlar:

“Dediyim kimi, dövlət müxtəlif tədbirlər həyata keçirir. Amma gərək insanlar da ehtiyatlı olsunlar. Sadəcə adi gigiyena qaydalarına əməl etmək lazımdır. Şəxsən mən bir valideyn kimi övladlarımın gigiyenasına diqqət edir, onların çoxlu meyvə və təmiz hava qəbul etmələrinə çalışıram”.