“Koronavirusla ehtiyatsız davranmaq təhlükəlidir! - Ölüm riski...!

Hər kəs məsuliyyətini dərk etməli və ölkənin taleyi ilə oynamamalıdır. Dövlət qurumlarının tövsiyyələrinə hökmən əməl etmək lazımdır"



"Kornovirus bəlası özünün böyük təhlükəsi ilə yanaşı həm də hər bir ölkənin, xalqın, ayrı-ayrı insanların bir sıra çatışmaz cəhətlərini üzə  çıxardı".
Bunu "Sherg.az"a açıqlamasında sosioloq-alim, professor Əhməd Qəşəmoğlu deyib.
Professor bildirib ki, virusun kifayət qədər ciddiyə alınmaması problemlərimizdən biridir: 

"Bu xüsusiyyətin yaranmasında bir neçə səbəb var. Birincisi, ümumiyyətlə bizim  mentalitetdə müəyyən bir səhlənkarlıq hissi var. İkincisi isə vaxtında bu istiqamətdə lazımi maarifləndirmə işlərinin aparılmamasıdır. Üçüncüsü, əhalinin çox etibar etdiyi informasiya mənbələrinin olmamasıdır. Əksəriyyət deyilənlərə hansısa bir təbliğat vasitəsi kimi baxır. Ən əsası isə cəhalətdən doğan "-Allah kərimdir!" düşüncəsidir. Halbuki, "Qurani Kərim" dəfələrlərlə  xəstəliklərdən ehtiyatlı olmağı, şüurlu davranmağı tələb edir. Problemli məqamlardan biri də koronavirusun bir oyun olması barədə gəzən şaiyələrdir".

Ə.Qəşəmoğlunun sözlərinə görə, indi vəziyyət tam başqadır: 

"Ehtiyatsız olmaq təhlükəlidir. Bu məsələdə risk etmək olmaz. Hər bir nəfər bilməlidir ki, o risk edəndə tək öz həyatı ilə risk etmir. Onun xəstələnməsi başqa yüzlərlə, minlərlə adamın xəstələnməsinə səbəb ola bilər. Ona görə hər kəs bu məsuliyyəti dərk etməli və ölkənin taleyi ilə oynamamalıdır".

Alimin fikrincə, bizim bu sahədə yeni düşüncəmizin formalaşmasına ehtiyac var: 

"İndi ən etibarlı mənbə dövlət qurumlarıdır. Çünki, onların hər bir məsələ barədə daha əhatəli məlumatları var. Əgər dövlət qurumları əhaliyə ehtiyatlı davranmağı tövsiyyə edirsə, buna hökmən əməl etmək lazımdır".