“Koronavirusun "gizli dövrü"  uzun çəkir” - Ən təhlükəli məqam

Rəşid Mahmudov: "İnsanların qurbana çevrildiklərindən xəbərləri olmur"



Ölkədə koronavirusa yoluxanların sayı günü- gündən artır. Bu hal vəziyyətin kritikləşdiyini göstərir. Son statistikaya görə, Azərbaycanda koronavirus daşıyıcılarının sayı 500- ü keçib. Ümumiyyətlə, bu virusun əsas yayılma səbəblərindən biri infeksiyanın inkubasiya dövrünün bəzən bir aya qədər davam edə bilməsidir. Amma ölkəmiz bu virusun dünyada yayılmağa başladığı ilkin günlərdən ciddi tədbirlərə başladı. İlkin dövrdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı. Və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. 
Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Hazırda ölkədə 35 mindən artıq test keçirilib. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb. Bundan başqa Azərbaycan yeni, ən müasir standartlara cavab verən əlavə tibbi laboratoriyalar aldı. Amma bütün hallarda ölkəmizdə də koronavirusa yoluxma halları var və hər ötən gün artır. Regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir.

 Vəziyyəti “Sherg.az”a dəyərləndirən həkim- fizioloq, tibb elmləri namizədi Rəşid Mahmudov deyib ki, infeksiyanın ən təhlükəli məqamı "gizli dövrün" uzun müddət davam etməsidir: 
"İnkubasiya dövrü 14 gün, bəzən də daha çox çəkir. İnsanların qurbana çevrildiklərindən xəbərləri olmur. Digərləri ilə təmasda olaraq infeksiyanın yayılmasını təmin edirlər. Ona görə də karantin rejiminin elan olunması çox doğru qərar idi. Bundan sonra, bəlkə, infeksiyanın yoluxma sürəti azalar. Birdəfəlik başa düşmək lazımdır ki, çölə çıxmaq olmaz".