“Vallah qanunlara əməl etsək, problem olmayacaq” - MÜSAHİBƏ

Oqtay Əliyev: “20 gündən sonra evdən çıxacağıq. Hamı bir-birini təbrik edəcək. Gözəl günlərimizə qayıdacağıq”


Bütün dünya eləcə də Azərbaycan koronavirus pandemiyası ilə mübarizə aparır. İnfeksiya  ölkəmizə gəldiyi ilk gündən etibarən təxirəsalınmaz tədbirlər həyata keçirilir. Təhlükənin qarşısının alınması yönündə yaradılan Operativ Qərargah ciddi şəkildə qanunlar qəbul etməyə davam edir. Vətəndaşların üzərinə düşən vəzifə isə qaydalara əməl etməkdən ibarətdir. Bütöv şəkildə  qanunlara riayət olunsa, tezliklə  kritik günləri geridə qoya bilərik. Prezident İlham Əliyev də çıxışlarında xalqdan məsuliyyətli olmağı, nizam-intizamlı şəkildə  qanunlara əməl etməyi, sağlamlıqlarını qorumağı tövsiyə edir. Bütün bunlarla yanaşı, xalqın tanıdığı, sevdiyi məşhurlar da çağırışlar etməyə davam edir. Müxtəlif media qurumlarına müsahibələr  verib,  səbrlə davranmağı məsləhət görürlər.

Biz də "Sherg.az" olaraq tövsiyələrini öyrənmək üçün prodüser Oqtay Əliyevlə həmsöhbət olduq


- Hazırkı gərgin vəziyyət haqqında nə düşünürsünüz ?

- Get-gedə ölkədə virusa yoluxanların sayı çoxalır. Amma hamısı özümüzdən asılıdır. Hər bir vətəndaş üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Qaydalara düzgün əməl edib, evdə otursaq, gigiyenik normalara  riayət etsək, iki-üç həftədən sonra hər şey yaxşı olacaq. Əgər əks yolla irəliləsək, koronavirus təhlükəsi   yay və payız ayları müddətinə qədər  davam edəcək. Vay o gündən ki, yayda da virus qalsın. İnsanlar evdə otura bilməyəcəklər. Bir neçə nəfərin məsuliyyətsizliyi üzündən evdə qalan yaşlılar, uşaqlar var.  Halbuki çöldə gəzmək, hava qəbul etmək onlar üçün vacibdir. Laqeyd insanların  üzündən əziyyət çəkirlər. Hüquqları belə pozulur.

- Sanki həyat bir müddətliyinə dondurulub...

- Bəli,  işlər dayanıb. İnsanlar işlərinə  gedə bilmirlər. Uşaqlar məktəbdə dərs öyrənə bilmirlər. Yenə də qeyd edirəm bizdən asılıdır. Cəmi 3 həftə vaxt lazımdır. Bütün qaydalara əməl etsək, problem olmayacaq.  

- Operativ Qərargah dəfələrlə evdən çıxmamağımızı vurğuladığı halda hələ də əməl etməməkdə israrlı olan vətəndaşlar var. Onlara nə deyərdiniz ? 

-Maşının baqajında gizlənib Bakıya gəlirlər, küçədə gəzirlər.  Soruşulandakı niyə evdən çıxmısan? Cavab verirlər  ki, mənə heç nə olmaz gündə dörd butulka araq içirəm. Belə olduğu halda  uzana-uzana gedəcək.  Səlahiyyətli qurumlar  əllərindən gələni edirlər. Hətta tədbirləri biraz da yumşaq  şəkildə həyata keçirirlər.  Daha da sərtləşdirmək lazımdır. Azərbaycan xalqını müdrik, ağıllı, yerini bilən kimi qiymətləndirib sərt davranmırlar. Bunlardan  sui-istifadə edən şəxslər var. Yenə də Operativ Qərargahın tövsiyələrinə əməl etməyənlər mövcuddur.   Sosial şəbəkədə şəkillər gördüm.  Binanın damında yığışıb nərd oynayırlar. Bu nə deməkdir?  Kimi aldadırıq? Başa düşə bilmirəm. Kimə görə partizanlıq edirik? Güya qəhrəmanlıq edirlər. Deyirlər görürsüz qərara əməl etmirik, damda nərd oynuyub çay içirik. Heç kimə heç nə etmirlər. Özlərinə  pislik edirlər. Bunu anlamalıyıq. Deyənlər var ki,  heç yoluxan, ölən görmədik. Sizin görməyinizə ehtiyac yoxdur. Özü yavaş- yavaş gələcək. 

- Bir qisim isə virusun laboratoriyada hazırlandığını düşünür...

-Özlərinə təskinlik verirlər. Deyirlər ki, kimsə tərəfindən hazırlanmış bioloji silahdır. Süni  və ya təbii olmağının fərqi yoxdur. Dünya da hegemon ölkələr  çarəsiz qalıblar. Biz nəyə ümid edirik ki, qalib gələcəyik?  Xeyli sayda xəstəxana var.  Amma limitsiz yerləri yoxdu ki, 10 min nəfər xəstə qəbul etsin. Kifayət qədər həkimə də sahib deyilik. Yenə də deyirəm İtaliya, Amerika kimi dövlətlər  fəryad edirlər. Bunu anlamaq lazımdır. Vəziyyət həddindən artıq pisdir.

- Elə insanlar var ki, hazırda maddi durumları olduqca pisdir. Gəlirləri yoxdur.. Sizcə onların aqibəti necə olacaq ?

 -Dünən qərar verildi. Təkcə günəmuzd gəlir qazananlara deyil,  işləməyənlərə belə vəsait  veriləcək.  İmkan olduğu qədər kömək edəcəklər.   Burda belə bir məsələ var. Ölməkdənsə, ailənin faciəsini görməkdənsə, evdə qalmaq yaxşıdır. Demirəm ki, kimsə acından öləcək. 1941-ci illərdə  kartla çörək alıb, günlərini yola verirdilər. İndi o vaxt deyil. Başa düşürəm. Amma heç olmasa,  20 gün 25 gün nələrsə etmək lazımdır.  Sizin də, bizim də  işləməyə ehtiyacımız var. Heç kim deyə bilməz ki vacib deyil, hər şey gözəldir.  Bu bəla gəlibsə   qarşısında durmalıyıq.  Filan şeylərdən istifadə etməliyəm və ya nə isə yeməliyəm deyə çıxıb özümüzü odun-alovun içinə atmayaq.  Allah göstərməsin hər hansı ailə başçısı xəstəliyə yoluxsa, illərlə əzabını çəkəcəklər. Bir təhər yola getməliyik. Başa düşürəm çox ağırdır. Həddindən artıq çətindir. Amma nə isə etmək lazımdır. Nənələrimiz, babalarımız müharibə dövründə necə dolandılar? Nələrsə etdilər, qənaətciliklə çətin günlərdən keçdilər. Filmlərdə belə görmüşük. 1990-ci illərdə vəziyyət bundan 10 qat pis idi. Nə işləməyə yer var idi, nə günəmuzd pul qazanmaq olurdu, nə dəki mağazada almağa ərzaq mövcud idi.  Ona görə bir balaca dözmək lazımdır. Hamı qeyd edir ki maksimum 20 gün səbr etməliyik.  Kimin nəyə imkanı varsa bir- birinə dəstək olsun.  Dövlət köməklik edir. Özümüz də etməliyik. Qohumlarımız tanışlarımız kim varsa yardımlaşırıq, olan çörəyimizidə bölürük. Hamımızın bəlasıdır. Elə deyil ki hər hansı siyasətin nəticəsidir.  Bütün dünya kefdədir biz pis vəziyyətdəyik. Belə deyil! Təsəvvür edin ki, lap pis halda  olan dövlətlər var.

- Məsələn ?

  -Söhbət Ermənistandan, Gürcüstandan, Belarusdan gedir. Onlar düşünürlər ki, nə olar, olar. Harda qırılar, qırılar. Ona görə deyirəm ki, dözməliyik.

 -Belə başa düşürəm, “Evdə qal!” kampaniyasına dəstəksiniz. Bəs məşğuliyyətləriniz nələrdir?

-Evdə qalırıq. Telekanallar fəaliyyət göstərdiyi üçün, proqramlar yayımlandığına  görə məcburi işə gedirik. Digər ailə üzvləri evdədi. Hamı özünə bir məşğuliyyət tapmalıdır. Televiziyaya baxmaq, istəyirlərsə, kitab oxumaq və yaxud uşaqlarla rəsm çəkmək kimi işlərlə başlarını qata bilərlər. 

-Günlər təkrarlananda bezdirici ola bilir...

-Razıyam, xoş deyil. Evdə günlərlə oturmaqdan bezirik. Hava qəbul etmək, gəzmək istəyirik. Həm də ilin gözəl aylarıdır. Hamı çölə çıxmaq istəyir. Uşaqlar üçün parklarda gəzmək, təmiz havada olmaq çox vacibdir. Nə qədər xəstə  insanlar var.  Həkim məsləhət görüb ki, gün ərzində müəyyən saatlarda hava qəbul etməlidirlər. Amma indi evdədilər. Yenə də nələrsə etmək lazımdır. Çox depressiyaya düşmək, qapanmaq da olmaz. Vallah əl-ələ versək karantin günlərində qanunlara əməl etsək heç bir problem olmayacaq.  20 gündən sonra evdən çıxacağıq. Hamı bir-birini təbrik edəcək. Gözəl günlərimizə qayıdacağıq. Bundan da artıq qazanc əldə edib, daha xoş günlər görəcəyik. Çünki millətimiz gözəl günlər görməyə layiqdir. Nə qədər əzab çəkə bilər? Nə qədər əzilə bilər? Bu da keçib gedəcək. Əsas odur ki dövlətimizin  verdiyi tövsiyələrə əməl edək. Günəmuzd işləyən, işləməyən hər kəsi nəzərə alacaqlar. Bir tərəfdən də neftdə durum yaxşı deyil. Vəziyyət olduqca ciddidir...