İnternet istifadəçilərinə ÇAĞIRIŞ: “Saxta mesajlar paylaşmayın”! 

“www.e-sosial.az” resursu süni şəkildə yüklənməyə məruz qalır. Problemlər də bundan qaynaqlanır"


Məlumdur ki, ölkəmizdə karantin rejiminin elan olunması  ilə əlaqədar işsiz vətəndaşlara 190 manat müavinət veriləcək. Prezidentin Sərəncamı ilə  ayrılan vəsait hesabına ödəniləcək məbləğ 200 min vətəndaşı əhatə edəcək. Bu, iki ay nəzərdə tutulub.
İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır. İşsiz şəxslər qeydiyyatdan keçmək üçün “www.e-sosial.az” saytına daxil olmalıdırlar. Lakin sistemdə müəyyən problemlər olduğu məlum olub. Vətəndaşların iddialarına əsasən sayta daxil olmaq mümkün deyil. 



Baş verənlərlə bağlı “Sherg.az”a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, müşahidələrə əsasən hazırkı məqamda kifayət qədər ictimai əhəmiyyət kəsb edən “www.e-sosial.az” resursunun fəaliyyətini əngəlləmək istəyənlər var:

“Məşğulluq və işsizlərin qeydiyyatı ilə bağlı proseslərin də bu resursda olması ilə əlaqədar saxta mesajlar paylaşılır. Nəticədə çoxsaylı müraciətlər nəticəsində “www.e-sosial.az” resursu süni şəkildə yüklənməyə məruz qalır.
Güman ki, son saatlarda adıçəkilən resursda yaranan problemlər məhz bu səbəbdən baş verir.
Xatırlatmaq istərdim ki, məqsədyönlü olaraq həyata keçirilən bu tip hərəkətlər mövcud qanunvericiliyə görə hətta cinayət məsuliyyəti yaradır. İndiki anda resursun ciddi ictimai əhəmiyyət kəsb etməsini, on minlərlə insanın bundan bəhrələnərək fəaliyyət göstərmək imkanı qazana biləcəyini nəzərə alaraq internet istifadəçilərini qeyd olunan qanunsuz hərəkətlərdən çəkinməyə çağırıram”.