“Korona xəstəliyi olmayanlar üçün ölüm riski yaratmır, amma...” - KARDİOLOQ 

Rasim Məhərrəmov: “...Qaydalara uyğun hərəkət etmək lazımdır.  Yoluxmamaq və yoluxdurmamaq lazımdır”

“Şəxsi gigiyenasına və sağlamlığına diqqət edən insan qarşısında istənilən viral infeksiya acizdir”




Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatınaa görə, ölkəmizdə 717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 44 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 665 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 23 nəfərin vəziyyəti ağır, 31 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Qeyd edək ki, dünyasını dəyişən şəxslərin hər biri virusla yanaşı bir sıra xroniki xəstəliklərdən də əziyyət çəkən insanlar olublar. Bu xəstəliklər içərisində ürək xəstəlikləri və şəkərli diabet xəstəlikləri xüsusi  yer tutur. 
Məsələ ilə bağlı “Sherg.az”a danışan invaziv kardioloq Rasim Məhərrəmovun sözlərinə görə, pandemiya daha çox yuxarı tənəffüs yolları xəstəliyi olan insanlar üçün öldürücü olur. Koronavirus heç bir xəstəliyi olmayan insan üçün ölüm riski yaratmır: 

“ Sağlam insan sadəcə olaraq bu virusun daşıyıcısı ola bilər, yəni başqalarını yoluxdura bilər. Yaşlı nəslin nümayəndələri, böyrək xəstələri, arterial hipertoniyadan və ürək çatışmazlığından əziyyət çəkən insanlar, yuxarı və aşağı tənəffüs yollarının xəstəliklərindən əziyyət çəkənlər, ağciyər durğunluğu olan insanlar, qaraciyərin funksiyalarının pozulması ilə müşayiət edilən xəstəliklərdən əziyyət çəkənlər, müxtəlif  hormonal xəstəliklərdən əziyyət çəkənlər- şəkər xəstələri, ürəyin işemik xəstəliklərindən əziyyət çəkən insanlar risk qrupuna aid edilirlər. Bu sadaladığımız xəstələr koronavirus olmadan da riskli xəstələr hesab edilirlər. Bu xəstəliklərdən əziyyət çəkən insanlar ayrı-ayrılıqda çox ciddi xəstəliklərlə mücadilə aparırlar. Bu xəstəliklərin hər biri insan həyatı üçün risk təşkil edir.

Yaşlı və sadalanan xəstəliklərlə mübarizə aparan insanlar koronavirusa yoluxduqda  xəstəliklərinin ağırlaşmasını müşahidə edirik. Hətta bütün sadalanan xəstəlikdən əziyyət çəkən insanlar virusa yoluxduqda belə onların hamısı dünyalarını dəyişmirlər.

Rəsmi rəqəmlərə görə bu gün ölkəmizdə 665  koronavirusa yoluxmuş xəstə var. Amma cəmi 8 nəfər dünyasını dəyişib. Həmin 8 nəfərin hər biri ayrı-ayrılıqda ciddi xroniki xəstəlikləri olan insanlar olublar. Bu fakt Çin, ABŞ və xəstəlikdən əziyyət çəkən digər Avropa ölkələrinə də aiddir”.

Həkimin sözlərinə görə, xəstəlikdən xilas olmağın əsas yolu immunitetin güclü olması, hərəkətdə olmaq, digər xəstəlikləri olan xəstələrin dərmanlarını vaxtlı vaxtında qəbul etməsidir. Həmçinin də burada özünü təcrid prinsipi çox önəmlidir: 
“Səbəbi isə digərlərini yoluxdurmamaqdır.Təşvişə gərək yoxdur. Sadəcə olaraq qaydalara uyğun hərəkət etmək lazımdır.  Bir sözlə, yoluxmamaq və yoluxdurmamaq lazımdır. Şəxsi gigiyenasına və sağlamlığına diqqət edən insan qarşısında istənilən viral infeksiya acizdir”.