DİQQƏT ! - “Bazarda təhlükəli ət məhsulları var” - Aldanmayın ! 

“Heyvanlar identifikasiya olunmalıdır. Supermarketlərdə satılan ətlər adətən identifikasiya olunur, digərləri isə yox”


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşları qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan heyvan kəsimi məntəqələrinin xidmətindən istifadə etməməyə çağırıb. Bundan başqa qurum əhalini bu istiqamətdə ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi üçün prosesdə aktiv iştiraka səsləyib. Bununla yanaşı Agentlik insanları sözügedən sahədə müşahidə edilən qanunsuz fəaliyyətlərlə bağlı təşkilatın 1003-Çağrı Mərkəzinə məlumat verməyə dəvət edib. 

AQTA-dan verilən məlumata görə, Agentlik heyvan kəsimi və satışı ilə məşğul olan şəxsləri kəsimi mərkəzləşdirilmiş sexlərdə həyata keçirməyə, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağa çağırıb. 

Qeyd edək ki, artıq respublikamızın regionları ilə yanaşı, Bakı şəhərində də müasir heyvan kəsimi məntəqələrinin sayı artmaqdadır.



 Məsələ ilə bağlı "Sherg.az"a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu "boykot"un  effektiv üsul olacağını deyib: 

"İnsanları inandırmaq lazımdır ki, heç də hər məhsul, o cümlədən ət keyfiyyətli deyil. Sağlamlıq üçün təhlükəli olan ət məhsulları da var. Düzdür, qanunsuz ət kəsimi ilə məşğul olanlara cərimələr tətbiq edilir. Amma ən yaxşısı, maarifləndirmə və tədricən qanunsuz ət kəsimi ilə məşğul olanları tədric etməkdir".

E. Hüseynovun sözlərinə görə, insanların düşüncəsində də müəyyən dəyişikliklər olmalıdır:

"Hamı istəyir heyvan gözünün qabağında kəsilsin. Amma bu, düzgün deyil. Nəzərə almaq lazımdır ki, qanuna müvafiq olaraq heyvanlar identifikasiya olunmalıdır. Başqa sözlə desək, onların bütün göstəricilərini, o cümlədən hansı xəstəlikləri keçirdiklərini baytar- həkim qeyd etməlidir. Bu, təhlükəsizlik üçündür. Supermarketlərdə satılan ətlər adətən identifikasiya olunur. Bazarda təklif olunan məhsullara isə bunu şamil etmək olmaz. Hətta ətin üzərində möhür olsa belə, gərək alıcılar aldanmasınlar".