"Ermənistanda yaşayan ermənilərlə Türkiyədəki erməniləri eyniləşdirmək olmaz” - Sərdar Cəlaloğludan fərqli yanaşma

"İmamoğlunun erməniləri xüsusi təbrik etməsində və sonda erməni dilində mesaj verməsində elə də qəbahət yoxdur"

İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Türkiyədəki erməni vətəndaşlara Pasxa bayramı münasibətilə təbrik ünvanlaması, üstəlik, mesajın sonunda ermənilərə öz dillərində xitab etməsi Azərbaycan ictimaiyyətində etirazlar doğurub.

Təkcə Türkiyədə deyil, Azərbaycanda kifayət qədər rəğbət qazanmış Ə.İmamoğlunun bu davranışı birmənalı qarşılanmayıb. Vurğulanıb ki, ermənilərin Türkiyəni qondarma “soyqırım”da ittiham etdikləri bir zamanda türk siyasətçinin erməniləri təbrik etməsi heç də xoş addım deyil. Məsələ sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Münasibət bildirənlər arasında İmamoğlunu sərt tənqid edənlərlə yanaşı, bələdiyyə sədrinin hərəkətində ciddi yanlışlıq olmadığını düşünənlər də var. 

Reaksiyaları “Sherg.az”a dəyərləndirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu məsələyə fərqli yanaşıb. 

Partiya sədri bəyan edib ki, Əkrəm İmamoğlu sosial-demokratları təmsil edir. Həmin siyasi ideologiyaya xas siyasilər millətçilik və dövlətçilik dəyərlərindən uzaqdır:

“Onları daha çox sosial ədalət maraqlandırır. Bu baxımdan ideoloji olaraq İmamoğlunun erməniləri xüsusi təbrik etməsində və sonda erməni dilində mesaj verməsində elə də qəbahət yoxdur. Digər tərəfdən əgər ermənilər Türkiyəni saxta “soyqırım”da ittiham edir, əksinə özləri türklərə qarşı qətliamlar törədirsə, bu o anlama gəlmir ki, mütləq türklər də düşmənləri kimi davranmalıdır. Ermənilər kiçik və gücsüz xalq olduqları üçün özlərini saxlamaq, varlıqlarını sübut etmək üçün bu cür ittihamlara ehtiyac duyurlar. Bütün zəiflər özlərini güclülərin hədəfinə qoymaq istəyir. Türklər kimi dünya tarixini yazan nəhəng bir millətin ermənilərin səviyyəsinə enib cılızlaşması qəbuledilməzdir. Erməniləri tərəf müqabili kimi görmək olmaz. İndiki vaxtda Türkiyənin Ermənistan siyasəti tamamilə düzgündür. Türklər ermənilərin kiçik demoqogiyasından çox yüksəkdə duran bir millətdir. Ona görə də erməniləri çox şişirtməməliyik. Bu mənada İmamoğlunun təbrikində qeyri-adi bir məqam yoxdur”. 

S.Cəlaloğlunun sözlərinə görə, Türkiyədə Ermənistandan daha çox erməni yaşayır: 

“Qardaş ölkədə 3 milyondan artıq erməni yüz illərdir Türkiyə vətəndaşı kimi ömür sürürlər. Özü də Türkiyədəki ermənilərin çoxu İrəvanın Ankaraya qarşı apardığı siyasətə qarşı çıxır, Türkiyə dövlətini müdafiə edirlər. İmamoğlunun öz ölkəsinin vətəndaşlarını təbrik etməsi qıcıq doğurmamalıdır. Ermənistanda yaşayan ermənilərlə Türkiyədəki ermənilər eyniləşdirmək olmaz”.