“Hər bir vətəndaşın çəkdiyi zəhmətə layiqincə qiymət verilir” - Deputat

“Bundan sonra da əhalinin sosial rifahının yüksəlməsini hədəfləyən addımların şahidi olacağıq” 




Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin növbəti Sərəncamı ilə 2 min nəfərə aylıq vəzifə maaşının bir misli miqdarında əlavə müəyyən edilib. Dövlət başçısının “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 2020-ci il 14 aprel tarixli Sərəncamı xüsusi karantin rejimi dövründə vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilinə xidmət edən şəxslərə, ümumiyyətlə, sosial xidmət işçilərinin əməyinə verilən yüksək dəyərin və onlara xüsusi qayğının ifadəsidir. 

Sənəddə koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının bir misli miqdarında müddətli əlavə müəyyən edilməsi nəzərdə tutulur. Sərəncam DSMF-nin rayon şöbələrindəki 1400 və Fondun tabeliyindəki sosial xidmət müəssisələrində çalışan 600 nəfəri, ümumilikdə, isə 2 min sosial xidmət işçisini əhatə edir.

Xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı şəxslərin pandemiyadan qorunması məqsədilə sosial xidmət işçiləri səfərbər edilib. Gücləndirilmiş iş rejimi şəraitində həmin kateqoriyadan olan inasnlar evlərində gündəlik sosial xidmətlərlə təmin olunublar.
Bu kateqoriyadan olan 15 mindən çox tənha yaşlıya evlərində sosial xidmətlər göstərilir.

Sərəncamla bağlı “Sherg.az”a danışan millət vəkili Aydın Mirzəzadə deyib ki, pandemiya dövründə əhalinin sosial rifahının yüksəlməsi üçün dövlət bütün resurslarından istifadə edir. 
Deputat vurğulayıb ki, dövlətin xüsusi qayğı göstərdiyi sahələr arasında pandemiya ilə mübarizədə ön cəbhədə olan peşə sahiblərinin əmək haqqının artırılması gündəmdə olan məsələlərdən biri idi: 

“Cənab Prezidentin Sərəncamı ilə ilk növbədə həkimlərin maaşı 5 misli qədər artdı. Hazırda isə tənha yaşayan insanlara sosial yardım fəaliyyətini icra edən Dövlət Sosial Müdafiə Fondunun çalışan işçilərin əmək haqqısı iki dəfə artırıldı. Bu onun özü göstərir ki, cənab Prezident hər bir vətəndaşın çəkdiyi zəhmətə layiqincə qiymət verilməsinin tərəfdarıdır. Hesab edirəm ki, bu, axırıncı addım deyil. Bundan sonra da biz bu cür xeyirxah və vətəndaşı düşünən, onların sosial rifahının yüksəlməsini hədəfləyən addımlar atılmasının şahidi olacağıq”.