DSMF fədakarlarının əməyi yüksək qiymətləndirildi – Sərəncam alqışlanır    


“Kənd-kənd, ev-ev gəzərək sosial yardıma ehtiyacı olan şəxslərə yerindəcə kömək etmək böyük fədakarlıqdır”


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin növbəti Sərəncamı ilə 2 min nəfərə aylıq vəzifə maaşının bir misli miqdarında əlavə müəyyən edilib. Sərəncama əsasən, koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının bir misli miqdarında müddətli əlavə müəyyən edilməsi nəzərdə tutulur.

Sərəncam DSMF-nin rayon şöbələrindəki 1400 və Fondun tabeliyindəki sosial xidmət müəssisələrində çalışan 600 nəfəri, ümumilikdə, isə 2 min sosial xidmət işçisini əhatə edir. Bu kateqoriyadan olan 15 mindən çox tənha yaşlıya evlərində sosial xidmətlər göstərilir.

Sərəncamı “Sherg.az”a dəyərləndirən millət vəkili Arzu Nağıyev deyib ki, koronavirusla mübarizə vaxtı yoluxma riski ən çox olan, virus daşıyan şəxslərlə daim təmasda olan şəxslər ilk növbədə həkimlər, hüquq-mühafizə orqanları, gigiyenik və təmizlik işləri ilə məşğul olanlar, o cümlədən jurnalistlərdir. 

Deputatın sözlərinə görə, bununla yanaşı, prosesdə böyük zəhmət çəkən peşə sahiblərindən biri də pandemiyaya qarşı mübarizə şəraitində ehtiyac sahibi insanların sosial yardım və müavinət almasını həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun işçiləridir: 

“DSMF-də  çalışanlar həssas təbəqə ilə sıx təmas quraraq, onların problemlərini həll edir və pandemiya ilə mübarizəyə ciddi töhfə verirlər. Ona görə də bu sektorda fəaliyyət göstərən şəxslərin maaşlarının artırılması ilə bağlı cənab Prezident tərəfindən Sərəncamın verilməsi çox təqdirəlayiqdir. Həqiqətən, kənd-kənd, ev-ev gəzərək sosial yardıma ehtiyacı olan şəxslərə yerindəcə kömək etmək, həssas təbəqənin problemləri ilə maraqlanmaq böyük fədakarlıqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev başda olmaqla həmin strukturda çalışan bütün peşəkar işçilər, o cümlədən qurumun mətbuat xidməti bugün ən ağır vəzifəni icra edirlər. Onlar həm maarifləndirmə işini yerinə yetirir, həm də həssas təbəqə ilə daim təmasda olurlar. Ona görə də cənab Prezident tərəfindən məhz bu kontingentin sosial durumunun daha da yaxşılaşdırılması ilə bağlı qərar verilməsi çox müsbət haldır”.