“Dövlətimiz həssas qruplara qayğı göstərir”

“Azərbaycanın pandemiyaya qarşı mübarizə modeli digər ölkələr tərəfindən öyrənilməli və tətbiq edilməlidir”

“Xalqımızın da yardımlaşma duyğusu dünya üçün gözəl örnəkdir”




“Həssas təbəqənin qorunması -  hesab edirəm ki, indiki şəraitdə ən vacib məsələdir. Biz onlara sahib çıxmalıyıq, onlara dəstək verməliyik, onlara kömək göstərməliyik”. Bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan xalqının əsrlərboyu yaşatdığı bu gözəl xüsusiyyətləri bu gün bütün xalqımız nümayiş etdirməlidir və nümayiş etdirir: “Biznes dairələri öz təşəbbüsləri ilə imkansız adamlara kömək göstərirlər və mən bunu alqışlayıram. Bu, biznesin sosial məsuliyyətinin təzahürüdür. Kimin nəyə gücü, imkanı çatırsa kimsəsiz insanlara, ahıl insanlara, həssas təbəqədən olan insanlara kömək göstərin. Əlbəttə ki, dövlət öz üzərinə bu funksiyanı götürüb, bunu edir və edəcək. Ancaq biznes dairələrinin bu şəraitdə bu işlərə qoşulması və ayrı-ayrı insanların öz təşəbbüsü ilə ehtiyacı olan insanların yanında olması məni hədsiz sevindirir, onlara öz təşəkkürümü bildirmək istəyirəm. Yerli icra orqanları şərait yaratmalıdır ki, onlar bu yardımı daha böyük həcmdə etsinlər. O ki qaldı, həssas təbəqədən olan tələbələrə, 17 min tələbənin ödənişi dövlət tərəfindən təmin ediləcək. Bu, çox gözəl addımdır və buna da tam nəzarət olmalıdır ki, heç kim bu proqramdan kənarda qalmasın”.



Ölkə rəhbərinin indiki məqamda yardımsevər insanlara xüsusi təşəkkürünü “Sherg.az” şərh edən “İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib ki, pandemiya dünyadakı səhiyyə böhranı ilə yanaşı, digər boşluqları da göz önünə sərdi. Gənc fəalın sözlərinə görə, koronavirus əksər ölkədəki ictimai münasibətlərin hansı səviyyədə olduğunu üzə çıxardı: 

“Məlum oldu ki, bir çox toplumda yardımlaşma ənənəsi yoxdur. Avropa insanının nə dərəcədə laqeyd olması bəlli oldu. Amma Azərbaycanın həm pandemiyaya qarşı mübarizə modeli, həm də daxildəki yüksək ictimai münasibətləri, yardımlaşma duyğusu bütün dünya üçün gözəl örnəkdir. Bunu quru söz kimi söyləmirik. Dünyanın bir çox ölkəsini təmsil edən ekspertlərlə, jurnalistlərlə ünsiyyətdə oluruq. Özləri etiraf edirlər ki, Azərbaycanın dövlət və cəmiyyət olaraq pandemiyaya qarşı mübarizə modeli digər ölkələr tərəfindən öyrənilməli və tətbiq edilməlidir. Dövlətimizin virus təhlükəsi başladığı andan etibarən sosial həssas qruplara göstərdiyi qayğı dünyanın əksər ölkəsində yoxdur. Xalqımız ağır günlərdə əsl həmrəylik nümayiş etdirdi və bu sınaqdan üzüağ çıxdı. İş adamlarımız, sahibkarlarımız, hətta imkanı yüksək olmayan orta səviyyəli şəxslərimiz belə bacardıqları qədər ehtiyac sahibi insanlara yardım edirlər. Hökumətə dəstəklərini ifadə edənlər arasında cəmiyyətin bütün sferalarını təmsil edən xeyirxah insanlarımız var”.

F.Şahbazlının firkincə, cənab Prezidentin bu məqama diqqət çəkərək xüsusi təşəkkür etməsi yardımda iştirak edən hər kəs üçün böyük qiymətdir: 

“Koronavirusla mübarizənin ilk günündən etibarən ölkə başçısı ictimaiyyətə müraciət edərək birlik və bərabərlik mesajı verdi. Dövlətlə xalqın yalnız həmrəy şəkildə virus bəlasından xilas ola biləcəyini vurğuladı. Şükür ki, həmrəyliyin şahidi oluruq. Deməli, ölkə ictimaiyyəti Prezidentin mesajını çox dəqiq alıb. Koronavirusla Mübarizə Fonduna yığılan milyonlarla manat vəsait də bunun bariz isbatıdır. Yardımlarla kifayətlənməyən xeyirxah insanlar qapı-qapı gəzərək ərzaq dağıtmaqda davam edirlər. Bu da xalqımızın minillik tarixindən süzülüb gələn dəyərlər sisteminin bir nümunəsidir. Təbii ki, fəxr ediləsi xüsusiyyətdir. Əlbəttə, dövlət mümkün olan bütün addımları atır. Bununla yanaşı, vətəndaşların da məsuliyyətli davranması, yardımlaşma ənənəsini davam etdirməsi çox önəmlidir”.