“Evlər sıxıcı deyil, qoruyucudur” - "Evdə qal !


Fuad Əlişov:"Evdə qal" kampaniyası dəstək üçün deyil, qeyd-şərtsiz icra üçündür”

“Etiraf etmək lazımdır ki, hazırda kitablara düşəcək qorxulu bir tarix yaşayırıq”



Azərbaycanda bir neçə müddətdir, koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi tətbiq olunur.  Əksər vətəndaş evdə qalaraq sağlamlığını qorumağa, qərarlara tabe olmağa çalışır. İncəsənət aləminin tanınmış simaları da qaydalara əməl etməkdə birlik nümayiş etdirir. 
Biz də "Sherg.az" olaraq vaxtlarını evdə keçirən məşhur simalarla həmsöhbət olmağa davam edirik. Növbəti  müsahibimiz tanınmış rejissor Fuad Əlişov oldu. 

-"Evdə qal" kampaniyasını dəstəkləyirsinizmi ?

- Bu kampaniya dəstək üçün deyil, qeyd-şərtsiz icra üçündür! Təbii ki, gücləndirilmiş xüsusi karantin günlərində vətəndaşlar evdə qalmalıdır, istisnalar nəzərə alınmaqla. Anlamaq lazımdır ki, bu virus ümumbəşəri bəladı və ona ancaq birlikdə sinə gəlmək olar.

-Bəzən bütün gün evdə qalmaq bezdirici ola bilir.  Sizin üçün də belədirmi ?

- Əsas məsələ odur ki, vəziyyətin nə qədər ciddi və təhlükəli olduğu dərk olunsun! Sonrasında evlər "sıxıcı" deyil, "qoruyucu" statusunu mütləq qazanacaq. 

- Vaxtınız necə keçir 

- M üvəqqəti olaraq ixtisasımı “dəyişib”, ibtidai sinif müəllimi olmuşam. Yəni ki, uşaqlarnan daha çox vaxt keçirib, dərsləriylə məşğul oluram. Boş vaxtım daha çox olduğundan, nəhayət imkan tapıb retro kliplərimi “YouTube” kanalıma yükləmişəm. Bəlkə siz dediyiniz evdəki  “bezdirici” vaxta biraz rəng qata bildim.


- Qayda pozuntularına yol verən vətəndaşlara nə deyə bilərsiniz ?

- Onlar qanunları pozduqlarına görə nəzərdə tutulan cəzanı alırlar, mənə əslində nəsə demək qalmır…  Aydındır ki, qaydaların pozulmasına qarşı ən effektiv üsul müxtəlif cəzalar, cərimələrdir. Amma yaranmış vəziyyətdə müxtəlif situasiyalar ola bilər. Qaydaların ümumi şərtləri olsa da, bəzi konkret hallar orda öz əksini tapmayıb. Buna görə də müəyyən narahatlıqlar yaranır. İstənilən halda insanları bir-birimizə qarşı səbirli və anlayışlı olmağa çağırıram.

-Hazırda muzdla işləyib, gündəlik gəlir əldə edənlərin sosial şəraitləri elə də ürəkaçan deyil. Bəzi məşhurlar həmin ailələrə yardımlar göstərirlər. Lakin onların görüntüləri sosial şəbəkədə yayımlamaqları birmənalı qarşılanmayıb. Bu məsələni necə dəyərləndirirsiniz?

- Bizim xalq çətin günlərində həmişə özü-özünə əl uzadıb, dəstək olub. Tanınan, tanınmayan, fərqi yoxdu, hər kəsin vətəndaşa yardım aksiyalarında birbaşa iştirakı alqışalayiq hərəkətdi. Və bunu ictimailəşdirmək onların öz haqlarıdı. Mən bunu nümayiş, özünü reklam yox, bir təbliğat adlandırardım.

- “Evdə qal !” kampaniyasına dəstək üçün bir sıra “online” layihələr həyata keçirir. Məsələn, xanəndələr evdən konsertlər verdi. Türkiyədə isə ilk dəfə çəkilişləri evdən həyata keçirilən kino hazırlanıb. Sizcə kino sahəsində də bu tipli işlər görülməlidirmi? 

- Etiraf etmək lazımdır ki, hazırda biz kitablara düşəcək qorxulu bir tarix yaşayırıq. Belə halda kim nə etməyi bacarırsa, "əhsən" deməyə dəyər. Tarix boyu belə olub ki, insanlığı sınağa çəkən  təhlükəli anlar (müharibələr, təbii fəlakətlər və s.) yaradıcılıq üçün ilham mənbəyi olub. Əsas odur ki, insanlarda yaşamaq və yaratmaq eşqi ölməsin, yoxsa vəziyyət həqiqətən dözülməz olar! 
Əlavə etmək istəyirəm ki, bu çətinliyin tezliklə ötüb keçəcəyinə və normal həyata qayıdacağımıza inanıram.