“Aztəminatlı ailələr birbaşa sosial siyasətdən bəhrələnirlər”

“Təbii ki, həmin qruplar bundan sonra da dövlətin dəstəyini hiss edəcəklər”



 “Hər bir dövlətin əsas funksiyası və vəzifəsi vətəndaşların hər birinin qayğısına qalmaqdır”.
Bunu “Sherg.az”a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Siyasi şərhçi bildirib ki, dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, o, hər bir Azərbaycan vətəndaşının prezidentidir:
“Cənab Prezident bu sözünü bütün davranışları, qərarları və koronavirus pandemiyası dövründə atdığı addımları ilə bir daha təsdiqlədi. Əminliklə deyə bilərik ki, bütün sosial qruplar, orta və kiçik sahibkarlar, tələbələr, işsizlər, maddi vəziyyəti yaxşı olmayan ailələr birbaşa sosial siyasətdən bəhrələnir. Təbii ki, həmin qruplar bundan sonra da dövlətin dəstəyini hiss edəcəklər. Karantin rejimi tətbiq ediləndən sonra yaranmış sosial izolyasiya insanların maliyyə mənbələrinin bir qədər azalmasına gətirib çıxardı. Bu da aztəminatlı ailələrin büdcələrinə təsirsiz ötüşmədi. Ona görə də dövlətimiz sistemli şəkildə və kompleks addımlar ataraq problemlərin həllinə çalışdı. Postkoronavirus dövründə də bu tədbirlər və layihələr davam edəcək və daha effektiv forma alacaq. Əslində, dünya ölkələri arasındakı fərq koronavirus dövründə yenidən üzə çıxdı. Məlum oldu ki, Qərb dövlətləri sosial siyasətlərini çox məhdud çərçivədə həyata keçirirlər”.