“Litva-Azərbaycan münasibətləri böyük əhəmiyyət daşıyır”

“Görüş göstərir ki, bölgənin əsas siyasi və iqtisadi mərkəzi olan Azərbaycan Baltikyanı ölkələr üçün kifayət qədər cəlbedicidir”


Aprelin 27-də Litva tərəfinin təşəbbüsü ilə Litva Respublikasının prezidenti Qitanas Nauseda ilə Azərbaycan Prezidenti İlham Əliyev videobağlantı formatında danışıblar.

Dövlət başçıları ikitərəfli münasibətlərə toxunaraq, siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu, iqtisadi-ticarət əlaqələrinin də bu səviyyəyə qaldırılmasının önəmini qeyd etdilər və pandemiya başa çatdıqdan sonra Hökümətlərarası Komissiyanın iclasının keçirilməsinin vacibliyini bildiriblər.
Litva prezidenti Şərq Tərəfdaşlığına üzv ölkələrin bu ilin iyun ayında keçirilməsi nəzərdə tutulan Zirvə toplantısına hazırlıq dövründə Şərq Tərəfdaşlığı Proqramı və ümumilikdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin vəziyyəti ilə bağlı Prezident İlham Əliyevdən fikirlərini bölüşməyi xahiş edib.
Prezident bildirib ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramında iştirak etməklə bərabər, Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin inkişafına önəm verir.
Bu təşkilatın doqquz ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə dair sənədlər imzalanıb. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və digər sahələri əhatə edir.



Görüşlə bağlı “Sherg.az”a danışan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib ki, Litva prezidentinin Azərbaycan dövlət başçısı ilə videobağlantı formatında görüşü heç də təsadüfi sayılmamalıdır.
Analitik vurğulayıb ki, Litva Baltikyanı dövlətlərdən biri kimi ümumilikdə Şərq Tərəfdaşlığı siyasətində Polşa ilə aparıcı mövqeni bölüşür: 

“Avropa İttifaqında Cənubi Qafqazla bağlı qərarların qəbul edilməsində və dinləmələrdə Litvanın səsi eyni zamanda Latviya və Estoniyanın səsi deməkdir. Yəni ilk növbədə siyasi cəhətdən Litva-Azərbaycan münasibətləri böyük əhəmiyyət daşıyır. Azərbaycan çoxşaxəli, balanslaşdırılmış xarici siyasət apardığından Avropanı təmsil edən bütün ölkələrlə əməkdaşlığın inkişafında maraqlıdır. Ənənəvi olaraq Litva Ukrayna və Gürcüstana siyasi yaxınlığı ilə seçilir.

Lakin Litva rəhbərinin təşəbbüsü ilə baş tutan bu görüş göstərir ki, bölgənin əsas siyasi və iqtisadi mərkəzi olan Azərbaycan Baltikyanı ölkələr üçün kifayət qədər cəlbedicidir. Koronavirus dövründə Litvada vəziyyət heç də ürəkaçan deyil.

Belə olan təqdirdə təbii ki, Litva neft-qaz ölkəsi sayılan zəngin Azərbaycanın investisiyalarına, ikitərəfli ticarət dövriyyəsinin inkişafına daha çox ehtiyacı duyur. Hər bir halda görüş göstərir ki, Azərbaycan Avropa İttifaqında, Avropa Şurasında Litvanın müsbət rəylərini almağa bundan sonra da davam edəcək”.