Xəbərdarlıqları qulaqardına vurmaq olmaz ! – “Karantin rejiminə əməl edək !”

“Operativ Qərargahın tələblərinə riayət edək ki, özümüzü və doğmalarımızı qoruyaq!”




“Hamı karantin rejiminin tez bitməsini istəyir. Amma istəyənlərin görəsən neçə faizi bunun üçün tələb olunanlara əməl edir?”.
“Sherg.az” xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev sosial şəbəkə statusunda qeyd edib.
Deputat bildirib ki, uzağa getmək lazım deyil, pəncərədən həyətinizə baxın, biləcəksiniz: 

“Görün neçə nəfər karantin rejiminin tələbləri çərçivəsində hərəkət edir, yaxud edən varmı? Dükanda-bazarda, dayanacaqlarda, bankomatların önündə neçə nəfərin virusa yoluxmamaq və yoluxdurmamaq üçün məsafə saxladığını görürsünüz, görürsünüzmü? Məhz ona görə də yoluxanların sayında yenidən artım qeydə alınır. Artım qeydə alınırsa, bu o deməkdir ki, karantin rejimi daha da sərtləşdirilə və uzadıla bilər. Karantin rejiminin uzadılması isə təkcə ilin-günün bu vaxtında evə qapanıb qalmaq, sosial təcridin uzadılması demək deyil. Bu, iqtisadiyyatımıza təsirsiz ötüşməyəcək, dolanışığımıza təsirsiz ötüşməyəcək, təhsilə təsirsiz ötüşməyəck, nəhayət sağlamlığımıza təsirsiz ötüşməyəcək”.

Parlament üzvünün sözlərinə görə, COVİD-19-la bağlı edilən xəbərdarlıqları qulaqardına vurmaq olmaz: 

“Bu virus gücünü bizdən, bizim məsuliyyətsiz və vecsiz davranışımızdan alır. Əziz dostlar, bacılar, qardaşlar, gəlin məsuliyyətli olaq. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl edək, özümüzü qoruyaq, doğmalarımızı qoruyaq. Bir-birimizi qoruyaq, iqtisdiyyatımızı, əmin- amanlığımızı və ölkəmizi qoruyaq”.