Vəkil ilginc detallar açıqladı: “Bəzi məmurlarda kriminal təfəkkür formalaşıb”

“Onlar havadarlarına arxayındırlar. Lakin bilməlidirlər ki, havadarlarının da gücü çatmayacaq”


“Həqiqətən də son dövrlərdə ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı genişmiqyaslı və qətiyyətli mübarizə aparılır”. 

Bunu “Sherg.az”a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunün müdiri Anar Qasımlı deyib. 

Hətta vəkil bunun mübarizə yox, "müharibə" olduğunu söyləyib: 

“Təəssüf ki, bəzi məmurlar hələ də bundan lazımi nəticə çıxarmırlar, öz cinayətkar əməllərini davam etdirirlər. Son günlərin həbsləri buna bariz nümunədir. Təsəvvür edirsinizmi, bir rayonun icra başçısı aztəminatlı ailələr üçün nəzərdə tutulmuş ərzaq yardımını mənimsəyir. Həm buna, həm də digər əməllərinə görə onu həbs edirlər, əməliyyat görüntüləri efirə buraxılır, bütün cəmiyyət onların əməllərini pisləyir. Digər tərəfdə başqa bir rayonun icra başçısı eyni əməlləri davam etdirir. Bu, artıq adi kriminal hadisə deyil, əxlaq və mənəviyyat məsələsidir. Bəzi məmurlarda kriminal təfəkkürün formalaşmasının nəticəsidir, əsl xəstəlikdir. Uzun illər vəzifədə kök atmış bəzi məurlar ya öz əməllərinin mahiyyətini başa düşmürlər, ya da hansısa havadarlarına arxayındırlar. Lakin həmin şəxslər bilməlidirlər ki, ölkədə korrupsiya və rüşvətxorluqla mübarizənin qarşısında dayanmağa onların havadarlarının gücü çatmayacaq. Zamanı gəlincə havadarlar özləri də ifşa olunub cinayət məsuliyyətinə cəlb olunacaqlar. Cənab Prezidentin yeni baş prokuroru videoqəbulunda ortaya qoyduğu qətiyyət bunu deməyə əsas verir. Prezident insan hüquq və azadlıqlarının təmin olunmasının qarantı olmaqla yanaşı, həm də ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin Ali Baş Komandanıdır”.



A.Qasımlı mərkəzi və yerli idarəetmədə islahatların aparılması labüddür: 

“Biz bunu mərkəzi səviyyədə bir neçə nazirliyin birləşdirilməsi, komitələrin ləğvi, publik hüquqi şəxslərin yaradılması ilə müşahidə edirik. Yerlərdə isə vəziyyət daha acınacaqlıdır. Yerli icra hakimiyyəti orqanları ilə bələdiyyələrin səlahiyyətləri qanunla dəqiq göstərilsə də, bələdiyyə institutu özünü doğrulda bilmir. Bu institut tamamilə nüfuzdan düşmüş vəziyyətdədir. Yerli icra hakimiyyətlərindən asılı vəziyyətdə olmaları, vətəndaşların hüquqlarını təmin etmək əvəzinə onlara əlavə problemlər yaratmaları və bu kimi neqativ amillər o qədər dərin kök salıb ki, ona görə də bələdiyyələrin nüfuzunun gücləndirilməsi asan məsələ olmayacaq. Yeri gəlmişkən, Azərbaycan bu gün dünyaya “ASAN Xidmət” brendini ixrac edən ölkədir. Hesab edirəm ki, dünyanın qabaqcıl ölkələrinin təcrübəsi dərindən öyrənilməklə, yerlərdə idarəetməni “ASAN Xidmət” kimi nüfuz qazana biləcək yeni bir quruma həvalə etmək lazımdır. Ölkəmizin bunun üçün həm kadr potensialı, həm də müvafiq təcrübəsi var. Nəhayət, bütün məmurlar anlamalıdırlar ki, vəzifə üstünlük deyil, immunitet deyil, onlar xalqın xidmətçiləridirlər. Onları vəzifəyə xalqa xidmət etmək üçün təyin edirlər. Düşünürəm ki, son dövrlərdə olduğu kimi, gənc kadrların vəzifədə irəli çəkilməsi, yüksək vəzifələrə təyin olunmaları da bu işə mühüm töhfə verəcək”.