Millət vəkili: CİSCO şirkəti ilə əməkdaşlıq iqtisadiyyatımızın inkişafını sürətləndirəcək 


"XXI əsr yeni  texnologiyalar dövrüdür".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat vurğulayıb ki, dünya V Sənaye İnqilabına hazırlaşır:

"V Sənaye İnqilabı yeni texnologiyalar üzərində qurulur. Hansı ölkə texnolgiyalara önəm vermirsə, o ölkə inkişafdan geri qalır. Azərbaycan hər zaman yeniliyə, inkişafa doğru addımlayan ölkədir. Dünyanın qabaqcıl texnologiya şirkətləri ilə əməkdaşlığımız da bu düşüncənin üstündə qurulub. CİSCO müasir texnolgiyalar istehsal edən şirkətdir. Təbii ki, bu şirkətlə əməkdaşlığımız ölkəmizin iqtisadiyyatının müasir çağırışlara uyğunlaşdırılmasına imkan verir. Hələ bir müddət əvvəl ölkə başçısı cənab İlham Əliyev Davosda CİSCO şirkətinin prezidenti ilə görüşməsi və bir neçə layihədə əməkdaşlıqla bağlı razılıq əldə edilməsi müasir idarəetmə sistemlərinin ölkəmizdə qurulmasına imkan verib".

Parlament üzvü vurğulayıb ki, Azərbaycan CİSCO şirkətinin texnoloji imkanlarından istifadə edərək qlobal pandemiya ilə bağlı ilk dəfə və yüksək səviyyədə TDƏŞ-in və Qoşulmama Hərəkatının Təmas Qrupunun zirvə görüşlərini keçirdi:

"Bir çox dövlət rəhbərləri ilə videogörüş formatında müzakirələr aparıldı. Məlumdur ki, dünyada Su resursları problemi qloballaşmaqdadır. Azərbaycanda da bu problem özünü göstərir. Su resurslarının elektron idarə edilməsi istiqamətində CİSCO şirkəti ilə əməkdaşlığı və nəzərdə tutulan layihəni çox vacib hesab edirəm.  Müzakirə olunan Smart ölkə, təhsil və kibertəhlükəsizlik  layihələrinin reallaşdırılması Azərbaycanın ilklərə imza atan ölkə imicini möhkəmlədəcək. Qısa olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan yeni texnologiyalar gətirən belə şirkətlərlə əməkdaşlıq etməklə ölkə iqtisadiyyatının inkişafını sürətləndirmiş olur".