“Təqaüdlərin artım xəbəri çıxan kimi qiymətlər qalxır” - ŞƏRH

 “Hər kəs yerli məhsulların ucuzlaşacağını gözləyirdi, amma əksi yaşandı”



Yaz mövsümü meyvə-tərəvəzin bol olduğu bir fəsil hesab olunur. Görmüşük ki, harda bolluq olsa, orda ucuzluq olar. Nədənsə bizim bazarlarda bunun tam əksini müşahidə edirik. Bolluqdur, amma qiymətlər “əl” yandırır.  
Bazarlarda qiymətlərin kəllə-çarxa qalxması orta və aztəminatlı təbəqəni bu məhsulları dadmaqdan məhrum edib. Qiymətlərin nə üçün münasib olmaması cəmiyyətdə ən çox müzakirə olunan mövzulardandır.

Kənd təsərrüfatı məhsullarının ixracında azalmaların olduğunu deyən iqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, sərhədlərin bağlı olması ixracata mənfi təsir göstərib. İqtisadçının sözlərinə görə, belə bir ehtimal var idi ki, yerli məhsulların bazarlara daha çox çıxması xaricə ixracatın azalması ilə əlaqədar qiymətlərə təsir edəcək və ucuzlaşmanı müşahidə edəcəyik:

“Amma bunun əks təsirini görürük. Mayın yarısını geridə qoyduq, lakin hələ də qiymətlərdə ciddi ucuzlaşma hiss olunmur. Bunun bir neçə səbəbləri ola bilər. Əsas səbəblərdən biri son zamanlar elan olunmuş sosial müavinət ödənişlərinin, nəğd pul kütləsinin artmasına səbəb olub. Əllərdə kifayət qədər vəsaitin cəmlənməsi həmişə Azərbaycanda psixoloji təsir yaradır. Hətta maaş və təqaüdlərin artımı xəbəri çıxanda insanlar pulu əlinə almamış qiymətlər qalxır. Burada da  psixoloji məqam olduğunu düşünürəm, sanki əllərdə nəğd vəsaitin artması qiymətlərin ucuzlaşmamasına təsir göstərir”.

N.Cəfərli  qeyd edib ki, meyvə-tərəzəvlərin ucuzlaşmamasının digər səbəbi karantin dönəmində insanların daha çox evdə qalması və meyvə-tərəvəzə tələbatın artmasıdır:

“Yəni vitamin çatışmazlığına görə insanlar daha çox meyvə-tərəvəzə ehtiyac duyurlar ki, vitamin çatışmazlığını aradan qaldırsınlar. Yəqin ki, bu da tələbata təsir göstərir və qiymətlərin aşağı düşməsinə imkan yaratmır”.