“İyunda uçuşların başlayacağını demək çox tezdir” - İbrahim Məmmədov

Məlum olduğu kimi, koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salıb. Pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilib və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yük daşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixədək uzadılıb. 
Bəs, iyun ayının 1-dən hava yollarının açılması, uçuşların bərpa olunması məsələsi gündəmdə varmı? 



“Sherg.az”ın sualını cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, iyun ayından uçuşların başlayacağını demək hələ çox tezdir: 

“Kim deyir ki, uçuşlar bərpa olunur? Hələlik bu barədə dəqiq məlumat yoxdur. Hər şey yoluxmanın dinamikasından, sayın artıb-azalacağından asılıdır. İndiki şəraitdə karantin rejimi bitəndən dərhal sonra uçuşların bərpa olunacağını demək olmaz. Kim bilir sabah nə olacaq?!”. 

İ.Məmmədov uçuşlar bərpa olunacağı təqdirdə ölkəyə qayıdan vətəndaşların karantinə alınıb-alınmayacağına da münasibət bildirib: 

“Bugünə olan qərarlara görə, ölkə ərazisinə girən bütün şəxslər müəyyən müddət ərzində karantinə alınır. Əgər qarşıdakı günlərdə hansısa dəyişiklik olarsa və yeni qərar verilərsə, yalnız o halda Azərbaycana daxil olan insanların karantinə alınması zərurəti aradan qalxar”.