“DOST” vətəndaşların sosial xidmətlərə əlçatanlığını təmin edir”

“İnsanların sosial xidmətlərdən daha sıx və faydalı şəkildə istifadəsinə zəmin yaradır”


Prezident İlham Əliyev yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibə verib. Dövlət başçısı vurğulayıb ki, 30-dan çox DOST Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur. Ölkə rəhbəri vurğulayıb ki, DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür:

“Artıq üçüncü mərkəz açılır və ilk açılan iki mərkəzin fəaliyyəti də çox uğurludur. Vətəndaşların bəyənmə əmsalı 96 faizə çatıb”. Prezident bildirib ki, burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir: “Təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır”. Ölkə rəhbəri deyib ki, DOST Mərkəzində 130-dan çox iş yeri yaradılır və o cümlədən könüllülər də işlərə cəlb olunur:

“Bütövlükdə 30-dan çox mərkəzin fəaliyyətə başlaması nəzərdə tutulur. Ümid edirəm ki, yaxın bir neçə il ərzində Bakıda və bütün ölkə üzrə DOST mərkəzləri fəaliyyətə başlayacaq. Eyni zamanda, burada iş yerləri yaradılır. Mənə verilən məlumata görə, bu DOST Mərkəzində 130-dan çox iş yeri yaradılır və o cümlədən könüllülər də işlərə cəlb olunur”. Prezident vurğulayıb ki, 130-dan çox xidmətin göstərilməsi demək olar ki, sosial sahənin bütün xidmətlərini ehtiva edir: “Beləliklə, bu mərkəzlərin fəaliyyəti həm insanlara rahatlıq verəcək, eyni zamanda, şəffaflıq istiqamətində önəmli addım artıq özünü doğruldub. Eyni zamanda, burada tətbiq olunan innovasiyalar bizim gələcəyə baxışımızla tam uzlaşır. Çünki innovativ inkişaf bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə, DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması da nəzərdə tutulur”.

DOST Mərkəzləri ilə bağlı “Sherg.az”a danışan millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bu mərkəzlərin sosial sferada ASAN Xidmət mərkəzləri kimi xarakterizə olunduğunu deyib. Deputat bildirib ki qurumların özəlliyi ondan ibarətdir ki, DOST Mərkəzləri sosial xidmətin elektron olaraq təqdimatını, həyata keçirir: 

“Bu mərkəzlər vətəndaşların sosial xidmətlərə əlçatanlığını təmin edir. Eyni zamanda sosial xidmətlərin daha şəffaf və səmərəli həyata keçirilməsini mümkün hala gətirir. Şübhəsiz, bu mərkəzlərin yaradılması ümumi islahatların tərkib elementidir və sosial sferada vətəndaşlarımızın dəstəklənməsidir. Eyni zamanda vətəndaşların sosial təminatının gücləndirilməsidir. DOST Azərbaycan üçün sosial sahədə innovativ layihələrdən biridir. Bu xidmətlər vasitəsi ilə Azərbaycan sözügedən sahədə daha səmərəli şəkildə sosial xidmətlərin təklif edilməsini həyata keçirir. Bu da vətəndaşların sosial xidmətlərdən daha sıx və faydalı şəkildə istifadəsinə zəmin yaradır”.