“Azərbaycanın beynəlxalq nüfuzu ilə yanaşı dostları da artır” 

“Azərbaycanın koronovirus pandemiyası ilə əlaqədar 13 ölkəyə və 3 beynəlxalq təşkilata təmənnasız yardım etməsi həm siyasi, həm də humanizm prinsipləri baxımından doğru addımdır”. 
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, ölkəmiz iki böyük beynəlxalq təşkilata sədrlik edir: 

“Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə həm Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının, həm də dünyanın 120 ölkəsini özündə cəmləşdirən Qoşulmama Hərəkatının hər iki təşkilatın onlayn rejimdə videokonfransı keçirildi. Hər iki görüşdə Azərbaycan koronovirusla mübarizədə nümunəvi ölkə kimi qeyd olundu. Göstərdiyi köməyə görə beynəlxalq təşkilatların rəhbərləri tərəfindən ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıq ifadə olundu. Əlbəttə, belə ümumbəşəri problemin həllində göstərilən köməyin siyasi əhəmiyyəti çox böyükdür”. 

Deputat vurğulayıb ki, ölkəmizin beynəlxalq nüfuzunun artması ilə yanaşı, dostlarının sayı da çoxalır: 

“Bu da təbii olaraq, beynəlxalq müstəvidə Azərbaycanla bağlı məsələlərdə ölkəmizin dəstəklənməsi deməkdir. Humanizm nöqteyi nəzərindən də ehtiyacı olan ölkələrə yardım göstərmək ən yüksək insani keyfiyyətlər olmaqla yanaşı, Azərbaycanın iqtisadi qüdrətini göstərir. Düşünürəm ki, Azərbaycanın belə bir həssas məqamda digər ölkələrə təmənnasız yardım etməsi olduqca əhəmiyyətli addımdır”.