“…İnnovativ gənclər ön plana çəkilir”

“Bu da ölkəmizdə aparılan sosial siyasətin və gənclərin fəaliyyətinə verilən yüksək qiymətin nəticəsidir”



“ASAN xidmət və DOST mərkəzləri sadəcə vətəndaşlar üçün yeni iş yerləri demək deyil. Bu mərkəzlər Azərbaycanda innovativ ideyaların, müasir mexanizmlərin reallaşmasının bir nümunəsidir”. 
Bu sözləri “Sherg.az”a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.
Gənc fəal bildirib ki, karantin dövründə atılan addımlarda, görülən tədbirlərdə, keçirilən görüşlərdə innovativ baxışları açıq şəkildə gördük: 

“Dünyanın bir çox inkişaf etmiş ölkəsi qısa müddət ərzində müasir sistemləri tətbiq edə bilmir. DOST mərkəzlərinin sayının artırılması da bu sahədə atılmış ən uğurlu addımlardan biridir. Şübhəsiz, bu mərkəzlər ölkədə məşğulluq probleminin həllinə də öz töhfəsini verir. Nəzərə alaq ki, belə mərkəzlərdə daha çox innovativ gənclər ön plana çəkilir. Bu da ölkəmizdə aparılan sosial siyasətin və gənclərin fəaliyyətinə verilən yüksək qiymətin nəticəsidir. Ən əsas məqam isə əhaliyə göstərilən sosial xidmətlərin səviyyəsinin yüksəldilməsidir. Əhali arasında keçirilən sorğuların nəticələri göstərir ki, DOST mərkəzləri, ümumiyyətlə bu cür innovativ təşəbbüslər ictimaiyyətdə böyük maraq və təqdirlə qarşılanır. ASAN və DOST qurumları həmçinin, bir sıra strukturlarda mövcud olan korrupsiya hallarını və özbaşınalığı da aradan qaldırır”. 

F.Şahbazlı vurğulayıb ki, vətəndaşlar DOST mərkəzlərində heç bir tanışlıq və rüşvətə ehtiyac olmadan istənilən xidmətləri ala bilirlər: 

“Müxtəlif layihələrin uğurlu olub-olmaması böhran dövrlərində üzə çıxır. ASAN və DOST mərkəzləri karantin dövründən üzüağ çıxmağı bacardılar. Bu nailiyyətin arxasında texnoloji imkanlardan, innovativ yeniliklərdən məharətlə istifadə etmək bacarığı durur. Hər iki strukturun üzərinə indiki məqamlarda böyük yük düşürdü. Lakin qurumlar dövlətin həyata keçirdiyi bütün sosial layihələri kecikmədən, ləngimə və narazılıq yaşanmadan yekunlaşdıra bildilər. Ona görə də uğurlu model kimi DOST mərkəzlərinin sayının artırılmasına ehtiyac böyükdür. İnnovativ ideyaların çox qısa zamanda reallığa çevrilməsi Azərbaycan dövlətinin apardığı mütərəqqi siyasətin nəticəsidir”.