Videokonfrans zamanı dilə gətirilənlər yaxın gələcəkdə bir-bir reallaşacaq

Millət vəkili Eldəniz Səlimov: "Bunlar üçün potensial, ən əsası iradə var"


""Signify" şirkətinin təşəbbüsü ilə bu qurumun rəhbərlərinin Prezident İlham Əliyevlə videokonfrans keçirməsini çox müsbət hadisə hesab edirəm".
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Deputat vurğulayıb ki, koronovaris pandemiyası şəraitində belə bir videokonfransın keçirilməsi hər iki tərəf üçün çox əhəmiyyətlidir:

"Son 4-5 ay ərzində yaşanan koronavirus bəlası az qala bütün dünya iqtisadiyyatını dizə gətirib. Koronavirus pandemiyası aradan qaldırıldıqdan sonra belə, onun dünya iqtisadiyyatı çox zərər çəkəcək. Bu, birmənalıdır və acı reallıqdır. Odur ki, bəladan az itki ilə çıxmağın yollarından biri kimi, bu tipli görüşlərin, müzakirələrin aparılması indiki dönəmdə vacibdir. Ölkə Prezidentinin bu müddət ərzində gördüyü işlər, atdığı addımlar koronavirus bəlasının hər bir sahəyə təsir etməsinin qarşısının alınmasına yönəlib. Uğurlu, hər kəs üçün nümunə, model olacaq hadisələr də gözlərimizin önündədir. Azərbaycan bu məsələdə liderdir, öncüldür".

Parlament üzvü bildirib ki, videokonfrans zamanı dilə gətirilənlər yaxın gələcəkdə bir-bir reallaşacaq:

"Bunlar üçün potensial, ən əsası iradə var. Azərbaycan ötən illər ərzində hər zaman qabaqcıl, müasir texnologiyaların, texnoloyi yeniliklərin əxz edilməsinə, mənimsənilməsinə və tətbiq edilməsinə xüsusi önəm verib. Ölkəmizin informasiya-kommunikasiya texnologiyaları - İKT ölkəsi kimi tanınması və qəbul edilməsi də deyilənlərin əyani sübutudur. Qeyd edim ki, 1891-ci ildə yaranan bu şirkət dünyanın 74 ölkəsində fəaliyyət göstərir".

Milli Məclis üzvü vurğulayıb ki, şirkət 140 ölkədə xidmət və məhsul satışı həyata keçirir: 

"“Signify” işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, 10 “yaşıl” şirkətdən biridir. Odur ki, belə bir nəhəng və nüfuzlu şirkətlə əməkdaşlığın qurulması, davam və inkişaf etdirilməsi çox mühümdür. Adıçəkilən şirkətlə əməkdaşlıq və onun daha da inkişaf etdirilməsi ölkə Prezidenti tərəfindən məlum müzakirələr zamanı bir daha vurğulandı: "Bilirəm ki, şirkətiniz artıq Azərbaycanda dövlət və özəl sektorla bir neçə layihə həyata keçirib. vLakin Davosda müzakirə etdiyimiz və indi birgə icra etdiyimiz bu layihə, əlbəttə ki, ən böyük miqyaslı layihədir. Əvvəllər də müzakirə etdiyimiz kimi, onun gələcək üçün böyük potensialı var. Çünki bu, birinci təcrübədir. Mən əminəm ki, bu, çox uğurlu bir təcrübə olacaqdır və sonra da bələdiyyə, şəhər idarəetmə orqanları bunun faydasını görəcəklər" - deyən dövlət başçımız həmçinin bildirdi ki, bununla da biz çoxlu enerjiyə, yerin təkindən hasil edilən yanacağa qənaət edəcəyik. Bütün bunlar bir daha onu deməyə  əsas verir ki, Azərbaycan yeni texnologiyalara, innovasiyalara  tam hazırdır. Biz artıq bunun üçün əhəmiyyətli insan kapitalı yaratmışıq və bizim dövlət xidmətləri, sosial xidmətlərlə bağlı texnologiyalarımız bu gün bəzi başqa ölkələr tərəfindən istifadə olunur. Ona görə də biz yeni texnologiyalara tam açığıq, çünki onlar yeni miqyasa, dinamizmə, tərəqqiyə, iş yerlərinə və rifaha gətirib çıxarır. Bu, Azərbaycanın tutduğu, inamla getdiyi yoldur və bu yoldan da onu heç kimi geri çəkməyə, geri döndərməyə müvəffəq ola bilməyəcək".