“Azərbaycanda müasir texnologiyaların tətbiqi geniş vüsət alıb" 

“Beynəlxalq aləmdə Azərbaycanı tərəqqi edən, dinamik inkişaf tempinə malik olan dövlət kimi qəbul edirlər”




"Azərbaycan dövləti sürətlə inkişaf edir. Ən müasir texnologiyaların tətbiqi ölkəmizdə geniş vüsət alıb". 
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
Deputat qeyd edib ki, beynəlxalq aləmdə Azərbaycanı tərəqqi edən, dinamik inkişaf tempinə malik olan dövlət kimi qəbul edirlər:

"Bu görüş çərçivəsində məlum oldu ki, "Signify" şirkətinin rəhbərliyi ilə Azərbaycan Prezidenti arasında Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində danışıqlar olub. Bu danışıqlar əsasında ikitərəfli əməkdaşlığın qurulması və inkişafı ilə bağlı ilkin razılıqlar əldə edilib. 1891-ci ildə yaradılan "Signify" şirkəti dünyanın 74 ölkəsində fəaliyyət göstərir. Bu şirkət işıqlandırma sistemləri və ona xidmət sahəsində dünyada birinci mövqedə dayanır. Artıq Azərbaycan ilə bu şirkət arasında əməkdaşlığın əsasları formalaşıb və inkişaf tempinə malikdir. Eyni zamanda Azərbaycan Prezidenti vurğulayıb ki, yanvar ayında Davosda əldə edilən razılaşmaya əsasən, mart ayında şirkətin nümayəndələri Bakıda olublar. Artıq ilkin layihə çərçivəsində addımlar atılmağa başlanılıb. Bu addımlardan ilk növbədə "Ağıllı şəhər" layihəsi Bakı şəhərinin işıqlandırılmasını özündə ehtiva edir. Bu təkcə işıqlandırma deyil, eyni zamanda yol hərəkətinin təhlükəsizliyi baxımından da olduqca vacib bir addımdır. Birinci mərhələdə işlərin artıq sentyabr ayında yekunlaması gözlənilir".

Parlament üzvü bəyan edib ki, iyun ayından başlayaraq, ölkəmizdə ilkin məhsulların idxalı da planlaşdırılır:

"Həmçinin, Prezident ilə "Signify" şirkətinin rəhbərliyi arasında aparılan danışıqlar nəticəsində bu razılaşma da əldə olunub ki, birinci mərhəldə işlər sentyabrda başa çatsın. Növbəti mərhələdə təkcə Bakı şəhərində deyil, Sumqayıtdan başlayaraq ölkəmizin digər iri şəhərlərində məhz bu şirkətə məxsus işıqlandırma sistemlərinin tətbiqi məsələləri reallaşdırıla bilər. Hər iki tərəf çox prinsipial və qətiyyətli mövqeyə malikdir. Bu əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Təkcə ÜST, Avropa Yenidənqurma və İnkişaf Bankı, Türkdilli Ölkələrin Zirvə Görüşü iştirakçısı olan dövlət rəhbərləri, "Qoşulmama hərakatı"na daxil olan dövlət rəhbərləri deyil, eyni zamanda "Signify" şirkətinin rəhbərliyi səviyyəsində də vurğulandı ki, Azərbaycanın pandemiya  əleyhinə mübarizəsi çox  nümunəvi mübarizədir".

E.Nəsirov vurğulayıb ki, Azərbaycan əhalinin sağlamlığının qorunması, sosial müdafiəsi və paralel şəkildə iqtisadi artımın təmin edilməsi istiqamətində bir model formalaşdırıb:

"Ölkəmiz çox nümunəvi fəaliyyət göstərir. Bu da dünyada diqqətlə izlənilib qiymətləndirilməkdədir. "Signify" şirkətinin rəhbərliyi səviyyəsində də bütün bunların  qiymətləndirilməsi onu göstərir ki, bu gün Azərbaycan cənab Prezidentin dediyi kimi, dünya miqyasında elə də böyük dövlət olmasa da, sözünün mənası və çəkisi böyükdür. Azərbaycanın indiki xüsusi şəraitdə pandemiya dövründə atdığı addımlar dünyada yüksək qiymətləndirilir. Azərbaycan bu şəraitin özündə də yüksək texnologiyaların inkişafı və tətbiqinə xüsusi diqqət ayırır. Bu da ölkəmizin strateji xətti və hədəflərindən irəli gələn məsələdir".