Azərbaycan polisləri: növbə çəkdilər, yardım etdilər, intizam yaratdılar

“Polislər sağlamlığımızı qorumaq üçün çalışır və qaydalara əməl olunması üçün fəaliyyət göstərir”



Ölkəmizdə karantin rejimi sərtləşən zaman Azərbaycan polisləri də həkimlərimizlə bərabər fədakarlıq etdilər. Polislər bütün günü və gecəni növbə çəkdilər, ehtiyacı olana yardım etdilər, qayda pozanları intizama səslədilər.
Buna baxmayaraq bəzi vətəndaşlarımız polislərimizin fədakarlığını gözdən salmaq üçün əllərindən gələni etdilər. Nəticədə ortaya xoş olmayan görüntülər çıxdı. 

Millət vəkili Nurlan Həsənov “Sherg.az”a açıqlamasında bildirib ki, polislər xüsusi karantin rejimi dövründə həm ağır iş rejimində çalışırlar, həm də öz həyatlarını təhlükəyə atırlar. Vətəndaşlar isə belə gərgin rejimdə çalışan polislərə qarşı ədalətsiz mövqe nümayiş etdirsələr, bu, düzgün olmaz. Deputat qeyd edib ki, polislərin qanun çərçivəsində atdığı hər hansı bir addıma mənfi yanaşmamalıyıq:

“Polislər sağlamlığımızı qorumaq üçün çalışır və qaydalara əməl olunması üçün fəaliyyət göstərir. Polis olmasaydı, hər kəs sərt karantin rejimi dövründə çölə çıxardı, gəzərdi, koronavirus infeksiyası daha da geniş yayılardı. Bununla da biz daha çox sevdiklərimizi itirə bilərdik. Polislər üçün də xoş olardı ki, onlar da ailəsi ilə vaxt keçirsin, amma bunu edə bilmirlər”.