"Heydər Əliyev ağır məqamlarda vəziyyətdən  ustalıqla, məharətlə çıxırdı" - Politoloq Qabil Hüseynli

“Həqiqətən də o dövrdə,  xüsusilə də Azərbaycan müstəqilliyinin ciddi təhlükə qarşısında olduğu bir dövrdə Ümummilli Liderimizin hakimiyyətə dəvət edilməsi və hakimiyyətə gəlməsi Azərbaycan dövlətçiliyinin qurtuluşu oldu”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında politoloq Qabil Hüseynli deyib.



Politoloq qeyd edib ki, o özü də Ulu Öndərlə birlikdə hakimiyyətdə təmsil olunub və onun necə məharətlə ölkədəki separatçı hərəkətlərə, qeyri-formal silahlı qruplaşmalara və bütövlükdə başıpozuqluğa qarşı ciddi addımlar atdığının və bu addımların da çox tezliklə bəhrə verdiyinin şahidi olub.

“"Talış-Muğan respublikası" deyilən separatçı rejimin qeyri-qanuni hərəkətlərini, Azərbaycanı parçalamaq niyyətlərini Ulu Öndərin böyük məharətlə, demək olar ki, qan tökülmədən puça çıxarması, separatçı Əlikramın qaçması və nəticə etibarı ilə respublikanın cənub bölgələrində Azərbaycanın suverenliyinin bərpa edilməsi və bu zaman mülki vətəndaşlara, insanlara heç bir zərərin dəyməməsi onu göstərdi ki, Ulu Öndər Heydər Əliyev ağır məqamlarda, kritik məqamlarda ustalıqla, məharətlə rəhbərlik etmək bacarığına malikdir. Biz Ümummilli Liderin hadisələri nəzarət altına almağının, hadisələri dövlətin xeyrinə dəyişdirməyinin şahidi olduq ki, bu doğrunda da Azərbaycanın bütövlüyünü təmin etdi. O, respublikadan kənardakı müxtəlif destruktiv, pozucu qüvvələrə qarşı da bu cür hərəkət edirdi və onları çox ustalıqla neytrallaşdırırdı. Amma əsas məsələ kimi ölkənin daxilindəki qeyri-qanuni və həddini aşan silahlı qruplaşmaların ləğvi istiqamətində onun apardığı fəaliyyət daha səmərəli idi və demək olar ki, ətrafənda bir neçə yüz nəfər olan, ölkədə sözün əsl mənasında anarxiya yaradan qüvvələrin hamısını mərhələ-mərhələ zərərsizləşdirdi və ölkəni tam ictimai-siyasi sabitlik yoluna gətirib çıxardı. Əgər Heydər Əliyevə qədərki özbaşınalıq dövrü və insanların təhlükəsizliyinin təmin olunmaması dövrü ilə Heydər Əliyevin təxminən bir illik fəaliyyəti dövründə yaratdığı yeni ictimai-siyasi şəraiti müqaisə etsək, bu müddət ərzində dövlətçiliyin, daxili sabitliyin nə qədər möhkəmləndiyinin və bütövlükdə insanların təhlükısizliyinin necə səmərəli surətdə təmin edildiyinin şahidi olarıq.”

Politoloq bildirib ki, bu dövrdə neft müqavilələrinin imzalanması, Qarabağ həqiqətlərinin dünyaya yayılması istiqamətində aparılan diplomatik səyləri, Azərbaycan dövlətinin ətrafında qurulan və həyata keçirilməsi planlaşdırılan bir sıra sui-qəsdlər də daxil olmaqla dağıdıcı hərəkətlərin məharətlə qarşısının alınması böyük işlərin ayrı-ayrı parçalarıdır:

“Bu işlərin müəllifi Heydər Əliyev idi və sözsüz ki, onun bu istiqamətdə yığdığı komandasının da müəyyən rolu var idi. Demək istəyirəm ki, o dövrləri diqqətlə vərəqlərkən görürük ki, bu hadisələrin müsbət istiqamətdə cərəyan etməsinin arxasında böyük, bacarıqlı bir siyasətçinin çox peşəkar və müdrik addımları durudu. Ulu Öndərin geniş miqyasda gördüyü işlər sayəsində Azərbaycanın istiqlalı qorundu və bu istiqlal hamar yola çıxarıldı ki, bu gün də Azərbaycan xalqı Heydər Əliyevin qurduğu dövlətin və yaratdığı ictimai-siyasi sabitliyin nəticələrini görməkdədirlər”.